Azərbaycanda hava şəraiti ilə bağlı sığorta hadisələri üzrə ehtimal olunan zərər 6 milyon manatı ötüb

Azərbaycanda hava şəraiti ilə bağlı sığorta hadisələri üzrə ehtimal olunan zərər 6 milyon manatı ötüb
İqtisadiyyat 28

Azərbaycanda 20-30 mart tarixləri arasında normadan yuxarı yağıntılar və əlverişsiz hava şəraiti fonunda sığorta zərərinin həcmi 6 milyon manatı ötüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un soruğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat verib.

Sözügedən dövrdə paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində bayram tədbirləri və tətil səfərləri, həmçinin normadan artıq yağış və güclü hava şəraiti nəticəsində çoxsaylı hadisələr qeydə alınıb.

Qeyd olunan tarixlər ərzində baş verən sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4 576 müraciət daxil olub. Müraciətlərin 3 636-sı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", 651-i "KASKO" (avtonəqliyyat vasitələrinin sığortası), 210-u "Daşınmaz əmlakın icbari sığortası", 80-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" növləri üzrə olub. Təqdim edilən məlumata görə, qiymətləndirilməsi artıq başa çatmış 4 045 sığorta hadisəsi üzrə gözlənilən zərər məbləği 6 milyon 57 min 25 manat təşkil edir. Qalan 531 hadisə ilə əlaqədar zərərin hesablanması prosesi hələ davam edir.

Hazırda daxil olan bütün müraciətlər üzrə hadisələrin tənzimlənməsi və zərərin dəqiqləşdirilməsi mərhələsi həyata keçirilir. Sığorta hadisəsi kimi təsdiqlənən hər bir hal üzrə müvafiq kompensasiya ödənişlərinin aparılması nəzərdə tutulur. İlkin hesablamalara əsasən, bütün hadisələr üzrə qiymətləndirmə prosesi tamamlandıqdan sonra ümumi zərər həcminin təqribən 10 milyon manata çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə ünvanlanan müraciətlərin 77 %-i paytaxt Bakıda, 23 %-i isə digər bölgələrdə, xüsusilə şimal regionunda qeydiyyata alınıb.

Son xəbərlər