Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirub.

BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, qonaqları salamlayan R.Abdullayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən bəhs edib, şirkətin Avstriyanın pərakəndə yanacaq satışı bazarında özünəməxsus yeri olan “A1” yanacaqdoldurma şəbəkəsini satın aldığını və 82 YDM-dən ikisinin artıq rebredinq edildiyini, qalanlarının da yaxın müddətdə rebredinq ediləcəyini bildirib. Şirkət prezidenti SOCAR-ın Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt səmimi qəbul üçün təşəkkürünü bildirib, Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd edib.

SOCAR-ın prezidenti qonaqlara Sumqayıtdakı kimya sənaye parkı ilə bağlı ətraflı məlumat verib, Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını söyləyib, xarici sərmayələrin qorunmasından danışıb. O, kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirib.

Görüşdə həmçinin Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb, bu qurumun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub.

BAKU.WS


QALEREYA