VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Gürcüstanın Azərbaycanlı icmasını təmsil edən ziyalı və ağsaqqalların Marneulidə keçirdiyi görüş zamanı aparılan müzakirədə Gürcüstanda keçiriləcək seçkilərə və siyasi seçim məsələsinə toxunulmayıb.


Bunu “Report”a “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov Gürcüstanda bəzi dairələrin SOCAR prezidenti Rövnəq Abdullayevin Marneuli şəhərində səfərdə olarkən Gürcüstanın hazırkı hakim partiyanın lehinə siyasi təbliğat xarakterli çağırışlar etdiyi barədə iddialarına cavab verərkən bildirib.


O qeyd edib ki, 23 oktyabr tarixində SOCAR prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə “Əməkdaşlıq haqqında memorandum”un imzalanma mərasimində iştirak etmək, ölkənin dövlət rəsmiləri ilə işgüzar görüşlər keçirmək məqsədi ilə Gürcüstana səfər edib.


Baş direktorun sözlərinə görə, daha əvvəlki səfərlərdə bir qayda olduğu kimi, bu dəfə də SOCAR rəhbərliyi səfər çərçivəsində Gürcüstanın Azərbaycanlı icmasını təmsil edən ziyalı və ağsaqqallar ilə görüş keçirib, orada yaşayan soydaşlarımızın sosial problemləri ilə maraqlanıb. “Aparılan müzakirədə Gürcüstanda keçiriləcək seçkilərə və siyasi seçim məsələsinə ümumiyyətlə toxunulmayıb. Bununla belə bir qrup şəxs öz siyasi məqsədləri üçün təxribata cəhd etsələr də, onların bu cəhdləri uğursuz olub.


SOCAR Gürcüstan və digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə etmir və bununla bağlı bütün əsassız ittihamları qətiyyətlə rədd edir. SOCAR bundan sonra da Gürcüstanda yaşayan soydaşlarımızın sosial məsələləri ilə maraqlanacaq və siyasi mənsubiyyətindən asılı olmayaraq onlara daim dəstək və dayaq olacaq”,- M.Məmmədov vurğulayıb.


Qeyd edək ki, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial məsuliyyət layihələrinin əsas məqsədlərindən biri də orada yaşayan soydaşlarımıza sosial dəstək tədbirlərini mütəmadi olaraq həyata keçirməkdir. Bu istiqamətdə Gürcüstanın dövlət ali məktəbilərində təhsil alan və Gürcüstan vətəndaşı olan soydaşlarımızın təhsil haqlarının ödənilməsi, onlara təqaüdlərin verilməsi, kənd təsərüfatı texnikasının soydaşlarımızın sıx məskunlaşdığı regionların yerli idarəetmə orqanlarına təmənnasız verilməsi, həmçinin Azərbaycanın milli irsinin qorunması, milli mədəniyyətimizin təbliğ olunması kimi tədbirləri göstərmək olar.

BAKU.WS