Tramp İrana zərbə endirməkdən buna görə vaz keçib
ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə apardığı danışıqlardan sonra İrana zərbə endirmək niyyətindən geri çəkilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp son bir həftə ərzində İrana hücum variantını bir neçə dəfə gündəmə gətirib və bunu ölkədə etirazların sərt şəkildə yatırılması ilə əsaslandırıb.
Lakin "Axios" yazır ki, bölgədə kifayət qədər hərbi texnikanın olmaması, İsrail və Səudiyyə Ərəbistanı kimi müttəfiqlərin xəbərdarlıqları, yüksək vəzifəli köməkçilərin mümkün nəticələr və hücum variantlarının effektivliyi ilə bağlı narahatlıqları, eləcə də qeyri-rəsmi kanallar vasitəsilə iranlılarla aparılan gizli danışıqlar Trampın bu qərardan vaz keçməsinə səbəb olub.
Məqalədə bildirilir ki, Netanyahu Tramp ilə telefon danışığı zamanı İsrailin İranın mümkün cavab zərbələrinə qarşı hazır olmadığını vurğulayıb. O, xüsusilə ABŞ-nin bölgədə İran raketləri və pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün kifayət qədər resursunun olmadığını qeyd edib və Vaşinqtonun hazırladığı planı yetərincə effektiv hesab etmədiyini bildirib.
Axios-un mənbələrinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da ABŞ prezidentinə zəng edərək İrana qarşı zərbələrin regional sabitlik üçün ciddi risklər yaradacağından dərin narahatlığını ifadə edib.
Bəzi rəsmi şəxslər bildiriblər ki, Trampın qərarına təsir edən əsas amillərdən biri də iyun ayında İranla qarşıdurmadan sonra ABŞ hərbi qüvvələrinin və texnikasının bir hissəsinin Karib hövzəsi və Şərqi Asiya ölkələrinə köçürülməsi olub. Bu isə Vaşinqtonun Yaxın Şərqdəki hərbi imkanlarını məhdudlaşdırıb.
Bununla belə, Ağ Evin nümayəndəsi Axios-un iddialarını təkzib edib və ABŞ-nin bölgədə kifayət qədər resurslara malik olduğunu, prezident qərar verərsə, ona təqdim edilən müxtəlif variantların reallaşdırıla biləcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ İranın Amerika hərbi bazalarına hücum edəcəyi təqdirdə güclü cavab zərbəsi endiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Oxşar xəbərlər
Meteoritdən zərər görən kosmik gəmi Çinə eniş edib
Meteoritdən zərər çəkmiş kosmik gəmi Çinə eniş edib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, mikrometeoritdən zərər çəkmiş Shenzhou-20 kosmik gəmisi 1...