Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə
Texnologiya dünyasının iki aparıcı siması, İlon Mask və Sem Altman arasında hüquqi qarşıdurma yeni mərhələyə keçib. ABŞ-nin Kaliforniya ştatında federal məhkəmədə baxılan mülki işin süni intellekt sektorunun gələcəyinə təsir edəcəyi gözlənilir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, dörd həftə davam edəcəyi bildirilən prosesdə Mask və Altmanla yanaşı, Satya Nadella kimi nüfuzlu şəxslərin də şahid qismində ifadə verməsi mümkündür.
Mübahisənin əsasını 2015-ci ildə qeyri-kommersiya qurumu kimi yaradılan OpenAI-ın sonradan milyardlarla dollar investisiya ilə kommersiya strukturuna çevrilməsi təşkil edir. Mask iddia edir ki, qurumun ilkin məqsədi ictimai fayda olub, lakin sonradan bu prinsip pozularaq şəxsi qazanc yönümlü fəaliyyətə keçilib.
Mask məhkəmədən şirkətin gəlirlərinin qeyri-kommersiya fonduna yönəldilməsini, həmçinin Altman və Qreg Brokmanın vəzifədən uzaqlaşdırılmasını tələb edir. Altman tərəfi isə bu iddiaları rədd edərək, Maskın 2018-ci ildə layihədən ayrıldığını və vəd etdiyi maliyyə dəstəyini tam təqdim etmədiyini bildirir.
İddialara görə, Mask eyni zamanda şirkəti özünün Tesla korporasiyasına inteqrasiya etmək niyyətində olub.
Ekspertlərin fikrincə, məhkəmənin Maskın xeyrinə qərar verməsi halında OpenAI-ın mövcud strukturu köklü şəkildə dəyişə bilər. Bu isə şirkətin əsas tərəfdaşlarından biri olan Microsoft ilə münasibətlərə də təsir göstərə bilər.
İşə hakim Yvonne Gonzalez Rogers rəhbərlik edir. Münsiflər heyətinin qərarı tövsiyə xarakterli olacaq, yekun hökm isə hakim tərəfindən veriləcək.
Texnologiya sektoru bu məhkəmə prosesinin süni intellekt təhlükəsizliyi, açıq mənbə prinsipləri və şirkətlərin ictimai öhdəliklərinin hüquqi qüvvəsi baxımından presedent yaradacağını düşünür.
Oxşar xəbərlər
Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi
Türkiyədə aparıcı Ezgi Kılıçın qısa geyimi müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, "Lider Haber TV" kanalının aparıcısı Ezgi Kılıç canlı yayım zamanı...