Putin nəhayət onları barışdıra bildi

Putin nəhayət onları barışdıra bildi
Dünya 58

Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Dağıstandan Federasiya Şurasının senatoru Süleyman Kərimov arasında münaqişə başa çatıb.

BAKU.WS xəbər verir ki, onları Rusiyanın prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada barışıblar.

Bu barədə müsəlmanlar üçün müqəddəs Ramazan ayı ərəfəsində etdiyi videomüraciətdə Rusiyanın Müsəlmanları Ruhani İdarəsinin sədri, baş müfti Ravil Qaynutdin məlumat verib.

Qafqazın iki respublikasının rəhbərliyi nümayəndələri arasında açıq qarşıdurma 2024-cü ilin payızından davam edirdi. Həmin vaxt Kadırov Kərimovu ona qarşı sui-qəsd hazırlamaqda ittiham etmiş və açıq şəkildə qan davası elan etmişdi.

Ravil Qaynutdin bildirib ki, dövlət başçısının sərəncamı ilə 2026-cı il Rusiyada Xalqların Birliyi İli elan olunub.

"Biz qürurla deyə bilərik ki, Rusiya cəmiyyətində yüksək səviyyədə birlik və qardaşlıq nümunəsini ilk göstərənlər məhz müsəlman ümməsinin nümayəndələri oldu.

Bunu Qafqazın iki ləyaqətli oğlu – əziz qardaşlarımız Ramzan Axmatoviç Kadırov və Süleyman Abusaidoviç Kərimov etdilər. Onlar prezidentimizin dəvəti ilə Moskva Kremlinin divarları arasında tam razılığa və qarşılıqlı anlaşmaya gəldilər", – deyə baş müfti bildirib.

Müfti qeyd edib ki, Ramzan Kadırov "müdrikliklə" yalanları, böhtanları və düşmənlərin "fitnə" salmaq, Qafqazın qardaş xalqları arasında düşmənçilik yaratmaq planlarını ifşa edib. Onun sözlərinə görə, bu plan iflasa uğrayıb və Rusiya müsəlman ümməsindəki fikir ayrılıqları aradan qaldırılıb.

Barışıq faktını Kadırovun yanvarın 30-da Moskvada Kərimovla görüşü barədə paylaşımı da təsdiqləyir.

"Moskvada qardaşım, Rusiya Federasiyasının senatoru Süleyman Kərimovla məhsuldar görüş keçirdim. Hesab edirəm ki, Çeçenistan və Dağıstan xalqları qardaşdır, necə ki, biz özümüz də. Ona bütün işlərində və təşəbbüslərində uğurlar arzuladım!" – deyə Kadırov yazıb.

Qan davası necə yaranıb?

Ramzan Kadırovla Süleyman Kərimov arasında səs-küylü münaqişə 2024-cü ilin payızında "Wildberries" marketpleysinin mülkiyyətçilərinin dəyişməsi ilə bağlı qalmaqal fonunda baş vermişdi. Məlumata görə, Kərimov "Wildberries" ilə birləşən "Russ" şirkətinin arxasında dayanırdı və bu birləşmə tərəflər arasında fikir ayrılığı yaratmışdı.

2024-cü ilin sentyabrında şirkətin Moskva ofisində atışma baş vermiş, nəticədə iki nəfər həlak olmuş, daha yeddi nəfər, o cümlədən iki polis əməkdaşı yaralanmışdı. Kadırov bildirmişdi ki, bu cinayətə "qəsdən milli çalar verilir" və bəzi şəxslər insidentin təşkilatçıları kimi "kadırovçuları" göstərirlər.

O, çeçen hüquq-mühafizə orqanları ilə müşavirə zamanı demişdi:

"Bu mövzunu şişirdən hər kəsə müraciət edirəm. Əgər kiminsə kadırovçulara iradı varsa, bunu şəxsən mənə desin, çünki mən əsas kadırovçıyam. Bütöv xalqları məişət zəminində toqquşdurmaq mümkün olduğunu düşünənlər dərindən yanılırlar. Sözə görə cavab vermək lazımdır! Mənə sualı olan varsa, heç bir problem yoxdur. Gözləyirəm!".

Həmin videoda respublika rəhbəri çeçen dilində ona qarşı təhdidlərdən danışaraq üç Qafqaz parlament üzvünü sifarişli qətl hazırlamaqda ittiham etmişdi.

"Əksini sübut etməsələr, mən rəsmi şəkildə Dövlət Dumasının deputatı Bexan Baraxoyevə, Dağıstandan senator Süleyman Kərimova və deputat Rizvan Kurbanova qan davası elan edirəm. Şahidlər var, onların sifariş verdikləri və Ramzan Kadırovun qətlinin neçəyə başa gələcəyini soruşduqları şəxslər var", - deyə o bildirmişdi.

Bundan sonra deputatlar Rizvan Kurbanov və Bexan Baraxoyev Kadırova qarşı sui-qəsd hazırlığında iştirak etmədiklərini bəyan etmişdilər.

Kreml isə həmin vaxt respublika rəhbəri ilə parlamentarilər arasında yaranmış münaqişəyə müdaxilə etməkdən imtina etmişdi. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, əgər hansısa təhdidlər varsa, hər bir vətəndaş hüquq-mühafizə orqanlarına müraciət etməlidir və onlar qanuna uyğun tədbirlər görəcəklər.

Son xəbərlər