Norveç vəliəhd şahzadəsinin oğlu 4 il həbs cəzası aldı

Norveç vəliəhd şahzadəsinin oğlu 4 il həbs cəzası aldı
Dünya 24

Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoybi iki zorlama faktı üzrə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, qərarı Oslo Rayon Məhkəməsi çıxarıb.

Məhkəmənin hökmünə əsasən, 29 yaşlı Hoybi 2018-ci ildə Skauqum kral iqamətgahının ərazisində, 2024-cü ildə isə Osloda iki fərqli qadına qarşı zorlama cinayəti törədib.

Bundan əlavə, o, bir neçə cinsi xarakterli zorakılıq, pis rəftar və ehtiyatsız davranış ittihamları üzrə də təqsirli bilinib. Bununla belə, məhkəmə iki epizod üzrə ona bəraət verib.

Hökmə əsasən, Marius Borq Hoybi zərərçəkmiş dörd qadına ümumilikdə 640 min Norveç kronu (təxminən 57 min avro) məbləğində təzminat ödəməlidir.

Prokurorluq bildirib ki, zorlama hallarının bəziləri qadınların huşsuz və ya yuxuda olduğu vaxt baş verib. Məhkəmə də zərərçəkənlərin müqavimət göstərə bilməyəcək vəziyyətdə olduqlarını qəbul edib. Müdafiə tərəfi isə münasibətlərin qarşılıqlı razılıq əsasında baş verdiyini iddia edib.

Səhhətində yaranmış problemlər səbəbindən Høybi hökmün elan olunduğu iclasda şəxsən iştirak etməyib və prosesi videobağlantı vasitəsilə izləyib.

Qeyd edək ki, Marius Borq Høybi rəsmi olaraq Norveç kral ailəsinin üzvü hesab olunmasa da, onun məhkum edilməsi ölkədə geniş ictimai rezonans doğurub. Norveç Kral Sarayı məhkəmə qərarı ilə bağlı hər hansı şərh verməyəcəyini açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər