Makron "Şarl de Qoll"u təyyarədaşıyan gəmisini Aralıq dənizinə göndərdi

Makron Şarl de Qollu  təyyarədaşıyan gəmisini Aralıq dənizinə göndərdi
Dünya 71

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə artan hərbi gərginlik fonunda ölkənin hərbi-dəniz qüvvələrinin flaqmanı olan "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin Aralıq dənizinə yola salınması barədə göstəriş verib.

BAKU.WS xəbər verir ki, Makron televiziya ilə xalqa müraciətində bildirib ki, bölgədə yaranmış qeyri-sabitlik və yaxın günlərlə bağlı qeyri-müəyyənlik səbəbindən Şarl de Qoll təyyarədaşıyan gəmisinə, onun hava komponentinə və müşayiət edən freqatlara Aralıq dənizinə doğru hərəkət əmri verib. O qeyd edib ki, Fransa bölgədə sabitlik və təhlükəsizliyi dəstəkləyən aktor olaraq qalacaq.

Makron çıxışında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının beynəlxalq hüquq çərçivəsindən kənara çıxdığını bildirib və bu hücumları təsdiqləmədiklərini vurğulayıb. Bununla yanaşı, o, münaqişənin əsas məsuliyyətini İranın daşıdığını iddia edib. Fransa lideri İranın təhlükəli nüvə proqramı həyata keçirdiyini, ballistik raket imkanlarını genişləndirdiyini və regionda silahlı qrupları dəstəklədiyini bildirib.

Makron həmçinin İranın cavab zərbələri zamanı bölgədə yerləşən iki Fransa hərbi bazasının məhdud hücuma məruz qaldığını açıqlayıb. Onun sözlərinə görə, Fransa qüvvələri özünümüdafiə çərçivəsində İran mənşəli pilotsuz uçuş aparatlarını vurub. Fransız bazalarının müdafiəsi üçün Rafale qırıcılarının hava əməliyyatları apardığı qeyd olunub.

Fransa prezidenti əlavə edib ki, münaqişə zonasındakı fransız vətəndaşlarının təxliyəsi davam edir və iki təxliyə təyyarəsi Parisə doğru yoldadır.

Makron İsrailin Livana mümkün quru əməliyyatı planlarının strateji səhv ola biləcəyini bildirib və tərəfləri eskalasiyadan çəkinməyə çağırıb.

O, həmçinin Fransa ilə strateji tərəfdaşlıq sazişi olan Cənubi Kipr Rum Administrasiyasına əlavə hərbi dəstək göndərilməsi barədə qərar qəbul edildiyini açıqlayıb. Bu çərçivədə "Languedoc" freqatının əlavə hava müdafiə vasitələri ilə birlikdə bölgəyə göndəriləcəyi bildirilib.

Makron sonda qlobal enerji daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiyanın yaradılmasını təklif edib.

Son xəbərlər