İranda etiraz aksiyalarının liderləri saxlanılıb

İranda etiraz aksiyalarının liderləri saxlanılıb
Dünya 49

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin dörd bölgəsində - Yəzd, Semnan, Rəfsəncan və Sircanda etiraz aksiyalarının ehtimal olunan liderlərinin saxlanılması məqsədilə əməliyyatlar həyata keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

SEPAH-ın açıqlamasında bildirilir ki, Yəzd vilayətində aparılan müşahidə və vaxtında həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində son iğtişaşlarda iştirak edən silahlı şəxslər və onların liderləri müəyyən edilərək saxlanılıb.

Həmçinin Semnan vilayətində İsraillə əlaqəli terror qrupları ilə bağlı olduğu və son hadisələrdə iştirak etdiyi iddia olunan agentlərin əhəmiyyətli hissəsinin həbs edildiyi vurğulanır.

"Tasnim" agentliyi İranın Kəşfiyyat İdarəsinə istinadən xəbər verir ki, SEPAH-ın iğtişaş iştirakçıları və təşkilatçılarının saxlanılması ilə bağlı əməliyyatları ölkənin cənubundakı Rəfsəncan və Sircan şəhərlərində də keçirilib. Məlumata görə, altı nəfər saxlanılıb, onlardan biri təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücumda ittiham olunur.

Xatırladaq ki, 28 dekabr tarixində İranda milli valyutanın dəyərdən düşməsi fonunda etiraz aksiyaları başlayıb. Etirazlar təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi ilə müşayiət olunub; polis gözyaşardıcı qazdan və pnevmatik silahlardan istifadə edib. Ən böyük aksiyalar Tehranda, ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində - Malekşahi, Kermanşah və Lordeqan şəhərlərində qeydə alınıb.

Yanvarın əvvəlində İran hakimiyyəti ölkə üzrə internet və telefon rabitəsini tamamilə dayandırıb. Bu addımın etirazçılara qarşı tədbirlərdən biri olduğu ehtimal edilir. Ölkədə internetin həftəsonuna qədər bərpa olunacağı açıqlanıb. Bunu İran Prezidentinin müavini Hüseyn Afşin keçirdiyi mətbuat konfransında deyib. Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian 11 günlük fasilədən sonra internetə giriş məhdudiyyətinin aradan qaldırılmasına çağırıb.

Son xəbərlər