İlon Maskdan qocalma sirri ilə bağlı sensasiyalı açıqlama

İlon Maskdan qocalma sirri ilə bağlı sensasiyalı açıqlama
Dünya 68

Amerikalı sahibkar İlon Mask hesab edir ki, qocalma prosesinin fundamental səbəbləri müəyyən edildikdən sonra elm insanın qocalmasına qalib gələ biləcək.

BAKU.WS xəbər verir ki, bu fikri o, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı səsləndirib.

"Düşünürəm ki, qocalmaya nəyin səbəb olduğunu anladıqda bunun son dərəcə aydın bir mexanizm olduğunu görəcəyik və bu, elə də mürəkkəb bir məsələ deyil", - deyə Mask bildirib.

"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu qeyd edib ki, insan orqanizmindəki bütün hüceyrələr demək olar eyni sürətlə qocalır. Bu isə ümumi bir bioloji prosesin mövcudluğuna işarə edir.

Maskın sözlərinə görə, o, həyatında heç vaxt sol əli qoca, sağ əli isə cavan olan insan görməyib.

Sahibkar əlavə edib ki, hələlik bu mövzunu dərindən araşdırmayıb, lakin qocalmanın təbiətinin konkret və anlaşılan mexanizmin mövcudluğunu göstərdiyini və gələcəkdə bu prosesin elmi üsullarla nəzarət altına alına biləcəyini düşünür.

Qeyd edək ki, 2025-ci ilin sentyabrında İlon Maskın atası Errol Mask insanların ömrünü uzatmağa artan maraq fonunda uzunömürlülük sahəsində tədqiqatlarla məşğul olmaq istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu cür araşdırmalar nəticəsində insan ömrünü 120 ilə qədər artırmaq mümkün ola bilər. Errol Mask xatırladıb ki, 1914-cü ilə qədər Avropada qadınların orta ömür uzunluğu 39 il olduğu halda, bu gün həmin göstərici 87 ilə çatıb.

Son xəbərlər