Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Dubay mərkəzli "Big News Network" agentliyi yayıb.
Qvineyanın Kommunikasiya üzrə Ali Şurası telekanalın yayım lisenziyasını, eləcə də onun müxbirlərinin, xüsusi nümayəndələrinin və digər işçilərinin akkreditasiyalarını ləğv edib. Məhdudiyyət kabel və peyk televiziyalarını, mobil tətbiqləri, veb-saytları və sosial şəbəkələri əhatə edir. "Canal+ Guinea" şirkətinə isə bu kanalı öz paketlərindən çıxarmaq tapşırılıb.
"Bununla da Poçt və Telekommunikasiya Fəaliyyətinin Tənzimlənməsi İdarəsinə dərhal "France 24" kanalına aparan bütün rəqəmsal giriş nöqtələrinin texniki bloklanmasına başlamaq göstərişi verilir", - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, bu qərar ötən çərşənbə axşamı "France 24" aparıcısının Dumbuyanı "qiyamçı lider" adlandırmasından sonra verilib. Növbəti gün şura bunun Qvineya prezidentinin ləyaqətini alçaldan hal olduğunu vurğulayaraq, telekanaldan həmin ifadəni silməyi və təkzib verməyi tələb edib.
Tənzimləyici qurum bildirib ki, "France 24" tərəfindən bu tələbin yerinə yetirilməməsi onun nüfuzuna açıq meydan oxumaq, dövlət başçısının davamlı təhqir olunması və Qvineyanın hüquqi suverenliyinin kobud şəkildə pozulması deməkdir.
Şura, həmçinin obyektivliyin və balansın olmamasını, eləcə də peşə etikasının ciddi şəkildə pozulmasını əsas gətirərək, "Jeune Afrique" jurnalının qvineyalı müxbiri Mamadu Diavo Barrini də akkreditasiyadan məhrum edib.
Oxşar xəbərlər
CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib
ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barəd...