Bitcoin-in qiyməti ucuzlaşdı - SƏBƏB

Bitcoin-in qiyməti ucuzlaşdı - SƏBƏB
Dünya 326

ABŞ Prezidenti Donald Trampın gömrük tarif paketi ilə bağlı davam edən qeyri-müəyyənlik kriptovalyuta bazarına mənfi təsir edib. Nəticədə, Bitcoin-in dəyəri 75 min dolların altına düşüb.

BAKU.WS Analitik "Coinmarketcap" şirkətinin məlumatına əsasən xəbər verir ki, son 24 saat ərzində qlobal kriptovalyuta bazarının ümumi dəyəri təxminən 10,58 faiz azalaraq 2 trilyon 390 milyard dollara enib.

Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti son 24 saatda ABŞ-nin aqressiv gömrük siyasətinin mümkün nəticələri ilə bağlı yaranan narahatlıqlar fonunda 10 faizdən çox azalıb. Hazırda (Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə) Bitcoin 74 min 980 dollara ticarət olunur. Buna baxmayaraq, Bitcoin-in həftəlik qazancı 8,36 faiz olaraq qalır.

ABŞ-nin tarif siyasəti qlobal iqtisadi yavaşlamaya səbəb ola biləcək genişmiqyaslı ticarət müharibəsi ehtimallarını artırıb. Çin və Avropa İttifaqı da daxil olmaqla bir çox ticarət tərəfdaşı artıq qarşı tədbirlər elan edib. Bitcoin son günlərdə 80-85 min dollar diapazonunda sabit qalmaqda idi. Lakin Trampın 2 aprel axşamı 185 ölkəyə tarif tətbiq ediləcəyini açıqlamasından əvvəl bir Bitcoin-in dəyəri təxminən 87 min dollar idi.

Tramp seçki kampaniyasında rəqəmsal valyutaları dəstəkləyəcəyini və ABŞ-ni "dünyanın kripto mərkəzi"nə çevirəcəyini vəd etmişdi. Onun "Milli Bitcoin ehtiyat planı" da mövcuddur. Hərçənd ki, bu günə qədər kripto tərəfdarlarının gözləntilərini tam doğrultmayıb.

Trump vəzifəyə başladığı gün Bitcoin-in qiyməti tarixinin ən yüksək həddi olan 109 min dolları keçmişdi.

Piyasa dəyərinə görə ikinci yerdə olan Ethereum isə son 24 saatda təxminən 22 faiz dəyər itirərək 1421 dollar səviyyəsinə geriləyib

Son xəbərlər