Ankarada NATO Zirvəsi başlayır: Gözlər liderlərin verəcəyi qərarlardadır

Ankarada NATO Zirvəsi başlayır: Gözlər liderlərin verəcəyi qərarlardadır
Dünya 20

Sabah Ankarada NATO-nun iki gün davam edəcək zirvə toplantısı işə başlayacaq.

BAKU.WS xəbər verir ki, beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik və alyans daxilindəki fikir ayrılıqları fonunda keçiriləcək sammit NATO üçün son illərin ən mühüm toplantılarından biri hesab olunur.

Zirvədə Ukraynadakı müharibə, Avropanın təhlükəsizliyi, ABŞ-nin alyansdakı gələcək rolu, müdafiə xərcləri və NATO-nun strateji istiqamətləri əsas müzakirə mövzuları olacaq.

Analitiklərin fikrincə, ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründə Vaşinqtonun NATO-ya yanaşması ilə bağlı yaranan qeyri-müəyyənlik alyans daxilində yeni müzakirələrə səbəb olub. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, Çinin artan geosiyasi təsiri və Yaxın Şərqdəki gərginlik NATO-nun təhlükəsizlik gündəmini daha da mürəkkəbləşdirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Ankara Zirvəsi NATO tarixinin ən mühüm toplantılarından biri ola bilər. Milli müdafiə naziri Yaşar Gülər isə sammitin alyansın dəyişən təhlükəsizlik mühitinə uyğunlaşması baxımından dönüş nöqtəsi olacağını vurğulayıb.

NATO-nun baş katibi Mark Rutte də zirvənin alyansın birliyini nümayiş etdirmək və əvvəlki sammitlərdə qəbul edilən qərarların icrasını sürətləndirmək baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Müşahidəçilər hesab edirlər ki, Ankara Zirvəsində qəbul olunacaq qərarlar NATO daxilində qüvvələr balansına və Avropa təhlükəsizlik sisteminin gələcək inkişafına ciddi təsir göstərə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər