ABŞ miqrantların deportasiyası üçün qeyri-adi üsulu nəzərdən keçirir

ABŞ miqrantların deportasiyası üçün qeyri-adi üsulu nəzərdən keçirir
Dünya 35

ABŞ Prezidenti Donald Trampın administrasiyası miqrantların Mərkəzi və Cənubi Amerikaya müxtəlif növ gəmilərlə göndərilməsi imkanını müzakirə edir.

BAKU.WS-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına əsasən, məsələ ilə bağlı müzakirələr bir neçə həftədir davam edir. Nəzərdən keçirilən variantlar arasında bərələr və Kaliforniyada lövbər salmış "Golden Bear" təlim gəmisi də var. Bundan başqa, ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin Avropada gəmi təklif edən şirkətlərlə əlaqə saxladığı bildirilir.

Hələlik planla bağlı yekun qərar qəbul edilməyib. Miqrantların dəniz yolu ilə daşınması bir neçə gün çəkə və hər reys üçün ABŞ büdcəsinə milyonlarla dollara başa gələ bilər. Bununla yanaşı, daşınmanın təşkili, təhlükəsizlik tədbirləri və miqrantların göndəriləcəyi ölkələrin onları qəbul etməyə razılıq verməsi kimi məsələlər açıq qalır.

"The New York Times"ın ehtimalına görə, bu üsul deportasiya xərclərinin bir hissəsinin ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən Pentaqonun büdcəsinə yönəldilməsinə imkan yarada bilər.

ABŞ Müdafiə Nazirliyi mümkün planla bağlı şərh verməsə də, qurumun nümayəndələri bütün mövcud resurslardan daha səmərəli istifadə imkanlarının nəzərdən keçirildiyini bildiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər