5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər
Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan Xəzər dənizinin su bioresursları ilə bağlı məlumatların vahid bazada toplanması məsələsini müzakirəyə çıxarıb.
BAKU.WS xəbər verir ki, təşəbbüs Sankt-Peterburqda keçirilən Beynəlxalq Balıq Sənayesi Forumunda səsləndirilib.
Rusiya Balıqçılıq Agentliyinin rəhbər müavini Vasili Sokolov bildirib ki, Xəzərin su bioresurslarının idarə olunması üzrə hökumətlərarası beştərəfli komissiya çərçivəsində ortaq məlumat bazasının yaradılması təklif olunur.
Təşəbbüsün əsas məqsədi Xəzəryanı ölkələrin öz sektorlarında topladığı məlumatları qarşılıqlı şəkildə paylaşması, dənizin ekoloji vəziyyəti və bioloji ehtiyatları barədə daha dolğun məlumat əldə edilməsidir. Bildirilib ki, Xəzərdə bioloji sərhədlərin olmaması bu istiqamətdə birgə fəaliyyətin əhəmiyyətini artırır.
Xəzəryanı dövlətlər, həmçinin dənizin ümumi akvatoriyası üçün vahid balıqçılıq qaydalarının hazırlanmasını nəzərdə tuturlar. Bu qaydaların su bioresurslarından daha səmərəli istifadəyə və balıq ehtiyatlarının qorunması tədbirlərinin gücləndirilməsinə imkan verəcəyi gözlənilir.
Qeyd edək ki, Xəzərin su bioresurslarının qorunması və birgə idarə olunması üzrə komissiya 2014-cü ildə Həştərxanda imzalanmış saziş əsasında yaradılıb. Saziş 2016-cı ildə iştirakçı ölkələr tərəfindən ratifikasiya edilərək qüvvəyə minib. Komissiyanın ilk sessiyası isə 2017-ci ilin noyabrında Bakıda keçirilib.
Hazırda Xəzər dənizinin ən qiymətli bioresurslarından hesab olunan nərə balıqlarının ovlanmasına tam qadağa qüvvədədir.
Oxşar xəbərlər
NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması
NASA Ayın səthində göy cisminin toqquşması nəticəsində yaranmış 222 metr diametrində yeni krater aşkarlayıb. Alimlər bu quruluşun yaxın tarixdə Günəş sistemində...