SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər İranda iğtişaşlar səngimir.

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, hadisələrə ilkin səbəb 22 yaşlı Məhsa Əmininin məcburi çadra qaydalarına əməl etmədiyinə görə “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra ölümü olub.

Baş verənlərin ardından paytaxt Tehranın “Hicab” küçəsində toplaşan bir qrup gənc Əmininin ölümünə və "əxlaq polisi" kimi tanınan İrşad patrullarına etiraz ediblər. Elə hər şey də bundan sonra başlayıb.

Digər yandan da bəzi qadın nümayişçilər hicablarını çıxararaq ölkə hökumətinə qarşı şüarlar səsləndiriblər.

Əvvəlcə polis etirazçılara sərt şəkildə reaksiya verərək onları geri addım atmağa məcbur edib.

Daha sonra qadınların bir çoxunun nəzarətə atıldığı və burada onlara əziyyət verildiyi ilə bağlı iddialar sosial şəbəkələrdə işıq sürətilə yayılmağa başladı. Bəzi videolarda polis qüvvələri su şırnaqlarından istifadə edir, Tehran və digər şəhərlərdə isə hətta nümayişçilərə atəş açılır. Bu da qəzəbli kütləni bir qədər də qəzəbləndirdi.

İndi İran küçələrində baş örtüyünü çıxararaq yaxud da kütləvi şəkildə saçlarını kəsərək etiraz edən çox sayda qadın görmək mümkündür. “Diktatora ölüm olsun!”, “İslam Cümhuriyyətinə ölüm”, “Bişərəflər” kimi sloqanlar etirazçıların əsas şüarına çevrilib.

İran qəzetləri və bəzi siyasi partiyalar gənc qızın ölümünə səbəb olanların məsuliyyətə cəlb olunmasını və əxlaq polisinin fəaliyyətinin dayandırılmasını tələb ediblər.

Artıq hadisələr ilk başladığı yerdə deyil ölkənin bir sıra şəhərlərində cərəyan edir. Hazırda İranın bir çox şəhərində, o cümlədən Tehran, Təbriz, Zəncan, Qəzvin, Sari, Məşhəd və başqa böyük əyalətlərdə etiraz aksiyaları keçirilir. Hətta Kürdüstan əyalətinin Divandərə şəhərində etirazçılar onlara atəş açan təhlükəsizlik qüvvələrinə daş atıblar.

Hökumətə və hadisələrə etiraz edənlər arasında sadə vətəndaşlarla yanaşı ölkənin tanınmış simaları da yer alır.

İranın tanınmış futbolçusu Əli Kərimi sosial media hesabında ölkədə hökumət qüvvələri tərəfindən günahsız öldürülən gənclərin və hakimiyyətdə yüksək post tutanların lüks həyat sürən övladlarının fotolarını paylaşaraq yazıb: “Onların övladları və qarşı tərəfdə bizim övladlarımız. Bizmi münafiqik yoxsa sizin ata-analarınız!!?” – deyə öz etirazını bildirib.

Aktrisa Anahita Hemti İnstaqramda saçlarını kəsdiyi videonu paylaşaraq, İranda bəzi inanclara görə saç kəsdirmənin yas prosesinin bir parçası olduğunu dilə gətirib. İran aktyorları Ketayoun Riahi və Shabnam Farshadjo da etiraz olaraq hicablarını çıxararkən görüntülənib.

Təbii ki, bütün bunlar yaşanarkən ölkə rəhbərliyi də hadisələrə laqeyd qalmadı.

İran Prezidenti İbrahim Rəisi daxili işlər naziri Əhməd Vahidiyə baş verənlərin bütün aspektlərini araşdırmağı tapşırdı. Məsələni araşdırmaq üçün Tehran Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin nəzdində xüsusi araşdırma və təhqiqat komitəsi yaradılıb. Tehran Ədli Tibb İdarəsi isə gənc qadının ölüm səbəbinin 3 həftə ərzində ictimaiyyətə açıqlanacağını bildirib.

Kütləvi hal alan üsyanlar dünyada yaşayan iranlıların da etirazlarına səbəb oldu. Ötən gün İstanbulda yaşayan cənub qonşularımız aksiya keçirməyə cəhd göstərsələr də polis tərəfindən qarşıları alınıb.

Bir sıra ABŞ rəsmiləri, o cümlədən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan Əmininin ölümünü pisləyən və İranı bu insan haqları pozuntularına görə ittiham edən fikirlər səsləndiriblər.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley gənc qızın ölümünü “dəhşətli” adlandırıb və İran hakimiyyətini qadınlara qarşı zorakılığa son qoymağa çağırıb. O, günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

Fransa Xarici İşlər Nazirliyi Əmininin ölümünü “son dərəcə sarsıdıcı” adlandırıb və “bu faciənin bütün hallarının üzə çıxarılması üçün şəffaf araşdırmaya” çağırıb.

Qeyd edək ki, İranda etiraz aksiyalarına səbəb olan 22 yaşlı gənc 13 sentyabrda polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Burada halı pisləşən qızı polislər xəstəxanaya çatdırıb və 3 gün sonra Məhsa Əmini xəstəxanada vəfat edib.

BAKU.WS
VİDEO