SİZİN REKLAM BURADA!
055 213 76 73


8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib. 17.33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının arasında partlayıcı qurğu işə düşmüşdü.

18.05-də SSRİ DTK-sının binası yaxınlığında Derjinskiy küçəsində (indiki Böyük Lubanka) yerləşən 15 saylı ərzaq mağazasında partlayış baş verir. 18.10-da Oktyabrın 25 illiyi (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşmüşdü. Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Cinayətkarların axtarışı üçün SSRİ prokurorluğunun, daxili işlər nazirliyinin və DTK-nın ən təcrübəli müstəntiqləri cəlb olunmuşdular. 500-dən artıq şahidin ifadələri alınmışdı. Lakin onlardan heç biri terrorçuların zahiri görkəmini dəqiq izah edə bilməmişdi. Partlayıcı qurğunun qalıqlarını yığaraq müstəntiqlər bombaların hazırlanmasında istifadə olunan detalları və materialları müəyyən edirlər. Detallar və materiallar əsasən üç şəhərdə istehsal olunmuşdu. Bu, Xarkov, İrəvan və Rostov-na-Donu şəhərləri idi. Terror aktlarının erməni millətçiləri tərəfindən təşkil oluna biləcəyi versiyası yarandı.

1977-ci ilin oktyabr ayının sonunda terrorçular daha bir terror aktının keçirilməsini qərara alırlar və bu məqsədlə Moskva şəhərindəki Kursk dəmir yolu vağzalına gəlirlər. Geri qayıtmaq üçün Moskva–İrəvan qatarına bilet alaraq onlar partlayıcı qurğu olan çantanı vağzalın gözləmə zalında qoyaraq zaldan çıxırlar. Bir neçə dəqiqə sonra yiyəsiz çanta sərnişinlərdən birinin diqqətini cəlb edir, sərnişin çantaya baxır və buradakı qəribə qurğunu və naqilləri görərək milisə xəbər verir. İstintaq baxışı zamanı dəyərli maddi sübutlar əldə olunur: İrəvanda istehsal olunmuş göy idman kurtkası və papaq. Papağın içərisində əməliyyatçılar bir neçə qara rəngli insan saçı aşkar edirlər.

Dərhal əməliyyat-axtarış tədbirləri başlanır və bir müddətdən sonra Gürcüstanla Ermənistanın sərhədində Moskva–İrəvan qatarının üçüncü vaqonunda qara saçlı, əynində kurtkası olmayan göy idman şalvarı olan bir nəfər saxlanılır. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun sənədlərinin və baqajının olmaması aşkar olunur.

Saxlanılan şəxs İrəvanda fəhlə işləyən Akop Stepanyan idi (1949-cu il təvəllüdlü). Onunla birgə dostu – rəssam Zaven Baqdasaryan (1954-cü il təvəllüdlü) saxlanılır. Stepanyan və Baqdasaryan Moskva şəhərinə səyahətlərinin məqsədini və səbəbini tam aydın izah edə bilmirlər. Saxlanıldıqdan sonra onları İrəvana göndərirlər. Daha sonra Stepanyanın anası bombanın olduğu çantanı tanıyır və o çantanın oğluna məxsus olduğunu təsdiq edir, saxlanılan şəxslərin evində aparılan axtarışlar zamanı digər maddi sübutlar da aşkar olunaraq götürülür.

İstintaqın verdiyi məlumata görə, terror aktlarının əsas təşkilatçısı və rəhpəri Stepan Zatikyan olmuşdur, Baqdasaryan və Stepanyan isə bu terror aktlarının birbaşa icraçıları idilər. Dindirilmələri zamanı Baqdasaryan və Stepanyan demişdilər ki, onlar Zatikyan tərəfindən hədə-qoru yolu ilə onun təsiri altına düşüb bu cinayəti törədiblər. Onu da vurğulayıblar ki, Zatikyan həbsdə olarkən (antisovet fəaliyyətinə görə) millətçilik ideyalarının əsirinə çevrilmiş və "ermənləri əzdikləri üçün" ruslardan intiqam almağa çağırırdı.

Stepan Zatikyan və "Ermənistan birləşmiş milli partiyası"

Stepan Seqoboviç Zatikyan məktəbi qızıl medalla bitirmiş, 1966-cı ildə İrəvan Politexnik İnstitutunun tələbəsi olarkən rəssam Aykanuz Xaçatryan və tələbə Şaqen Arutunyan ilə birgə qeyri-leqal "Ermənistan birləşmiş milli partiyası"nı təsis edir. Partiya millətçi bir qüvvə olaraq öz məqsədi kimi Türkiyənin şərq vilayətləri və Ermənistan SSR-in ərazisində müstəqil Ermənistan dövlətinin qurulmasını və plebistit yolu ilə Ermənistanın Sovet İttifaqının tərkibindən çıxmasını öz qarşısına məqsəd kimi qoyur. Qrup aktiv gizli fəaliyyətə başlayır və onlara məxsus gizli tipoqrafiyada "Paros" qazetini dərc edir.

1968-ci ildə "partiya" üzvlərini həbs edirlər, antisovet fəaliyyətinə və təbliğatına görə həbsxana cəzasına layiq görürlər. 1972-ci ildə həbsdən azad olunduqdan sonra Zatikyan İrəvan elektromexanika zavodunda transformator sexində işləməyə başlayır. 1975-ci o, sovet vətəndaşlığından imtina və SSRİ-ni tərk etmək istəyi barədə rəsmi orqanlara müracət edir. Lakin onun müraciətinə rədd cavabı verilir. Moskvada terror aktının keçirildiyi zaman Zatikyan evli və iki uşaq atası idi.

Məhkəmə prosesi

Moskva metrosunda partladılmış bombanın maketi
Məhkəmə prosesi SSRİ Ali Məhkəməsində 16-20 yanvar 1979-cu il tarixlərində keçmişdir.

Məhkəmədə Zatikyan öz günahını boynuna almaqdan imtina edirdi, Stepanyan özünü qismən günahkar bilərək Zatikyanın iştirakını təkzib edirdi, Baqdasaryan isə istintaqın bütün ittihamlarını qəbul etmişdi.

İttiham olunanların məhkəmədəki çıxışlarının video yazısı mövcuddur, çıxışlardan birində Zatikyan bu sözləri demişdi:

"Mən dəfələrlə demişəm ki, mən sizin qurduğunuz məhkəmədən imtina edirəm və heç bir müdafiəçiyə də ehtiyacım yoxdur. Mən özüm müttəhim yox, ittihamçıyam. Sizin məni mühakimə etmək səlahiyyətiniz yoxdur. Çünki rus-yəhudi imperiyası özü hüquqi dövlət deyil. Bunu qəti olaraq bilmək lazımdır".

Zatikyan öz son sözünü erməni dilində çağırış ilə tamamlamışdır: "Başqalarına deyin ki, bizə qalan yalnız intiqamdır! İntiqam və bir daha intiqam!"

Yanvarın 24-də məhkəmənin qərarı ilə hər üç müttəhim güllələnmə cəzasına layiq görülür. Yanvarın 30-da SSRİ Ali Sovetinin rəyasət heyəti terrorçuların əfv olunma haqda verdiyi xahişi rədd edir və həmin gün məhkəmənin hökmü yerinə yetirilir.

Ermənistan rəhbərliyi hər imkandan istifadə edərək bu faktı ictimaiyyətdən gizlətməyə çalışır. DTK-nın 5-ci idarəsinin keçmiş rəisi Filip Bobkovun dediyinə görə, "Ermənistan K.P. birinci katibi Dəmirçyanın göstərişi əsasında erməni dilində çıxan qazetlərdən heç biri bu terror aktı barədə məlumat vermədilər. K.Dəmirçyan istintaqa hər cür maneə törədirdi. Lakin istintaqın təqdim etdiyi təkzibolunmaz sübutlardan sonra istintaq qrupunun gəldiyi qənaətlə razılaşmalı oldu".

Bobkovun fikrinə görə, terror aktlarının təşkilində "ASALA" təşkilatı da iştirak etmişdi.

Bobkov bu barədə deyir: "Bu, mənə Ermənistan DTK-nın sədri Yuzbaşyanın şübhəli hərəkətlərindən məlum oldu. O, hər vəchlə SSRİ DTK-dan Ermənistan SSR-də "Asala"nın nümayəndələrinin fəaliyyətləri barədə məlumatı gizlətməyə çalışırdı, partlayışların müəllifi məhz bu erməni terror təşkilatıdır".

BAKU.WS
VİDEO

QALEREYA