Valideynlərin ən çox etdiyi səhv
Uşaqların dünyanı dərk etmə prosesində qorxu ən təbii və qaçılmaz hisslərdən biridir.
Bu barədə Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həm yerli, həm də xarici psixoloqların ortaq fikrinə görə, uşaqları ən çox qorxudan şeylər onların yaş dövrünə görə dəyişir.
"Körpəlik dövründə uşaqlar daha çox yüksək səsdən, tanımadıqları insanlardan və valideynlərindən ayrı qalmaqdan – yəni ayrılıq təşvişindən qorxurlar.
Üç-altı yaş aralığında isə uşaqların xəyal gücü sürətlə inkişaf etdiyi üçün onlar qaranlıqdan, yatağın altındakı xəyali "canavarlardan", həşəratlardan və otaqda tək qalmaqdan çəkinməyə başlayırlar.
Məktəb yaşına çatdıqda isə bu qorxular daha real şəkil alır. Onlar artıq təbii fəlakətlərdən, oğrulardan, yaxınlarını itirməkdən və ya məktəbdə yoldaşları arasında gülünc vəziyyətə düşməkdən qorxurlar", - deyə Nigar Əhmədova bildirib.
Mütəxəssis xüsusilə vurğulayır ki, bizim cəmiyyətdə bəzən valideynlərin uşağı sakitləşdirmək və ya sözə baxdırmaq üçün "xoxan gələr", "həkim sənə iynə vurar" və ya "polis səni aparar" kimi ifadələrdən istifadə etməsi uşaqlarda çox dərin və lazımsız fobiyalar yaradır:
"Qərb psixoloqları da qeyd edirlər ki, qorxu əslində uşağın zehni inkişafının, təxəyyülünün formalaşmasının bir göstəricisidir və buna görə də normal qəbul edilməlidir.
Uşaq qorxduğunu dedikdə valideynin "burada qorxulu heç nə yoxdur" deyərək bu hissləri əhəmiyyətsizləşdirməsi və ya uşağa gülməsi böyük səhvdir.
Bunun əvəzinə, uşağı diqqətlə dinləmək, onun qorxusunu anladığımızı və hər zaman yanında olub onu qoruyacağımızı hiss etdirmək lazımdır.
Məsələn, uşaq qaranlıqdan qorxursa, otağın işığını yandırıb hər yeri birlikdə yoxlamaq və hər şeyin qaydasında olduğunu göstərmək qorxuları sakitcə dəf etməyə kömək edir.
Düzgün və anlayışlı yanaşma olduqda, bu qorxular uşağın böyümə mərhələsinin sadəcə müvəqqəti bir hissəsi olaraq qalır və zamanla öz-özünə keçib gedir".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Xəstəliklərini təbii üsulla sağaldan, 92 yaşında işə qəbul olunan Ərşad Əzimzadə: "Gənclərə tövsiyə edərdim ki, sağlam həyat tərzinə keçsinlər"
"Pəhriz vasitəsilə hər şey qaydasına düşür: xəstəliklər sağalır". BAKU.WS xəbər verir ki, bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı yazıçı-jurnalist, loğman...