Uşağın dil açmasına təsir edən əsas faktorlar
Son illər uşaqlar arasında gec danışmaq kimi problemlər artıb. Bir çoxu bunu ekoloji problemlər, bir çoxu isə qəbul edilən qidalarla bağlayır.
Bəs mütəxəssislər nə düşünür?
Loqoped-defektoloq Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, 0–3 yaş dövrü uşağın nitq inkişafında ən həssas və həlledici mərhələdir.
"Valideynlərin böyük hissəsi nitqin gecikdiyini çox gec – adətən 3 yaşdan sonra fərq edir. Halbuki nitq üçün ən kritik dəyişikliklər məhz həyatın ilk illərində baş verir", - deyə mütəxəssis bildiri.
Qeyd edək ki, nitqin inkişafına birbaşa 5 əsas faktor təsir edir:
1. Sensor stimulların az olması
Uşaq ətrafdan aldığı səslər, işıq, toxunma və hərəkət stimulları ilə öyrənir.
Çox sakit, stimulsuz mühitdə böyüyən uşaqlarda həm nitq, həm də idrak bacarığı gecikə bilir. Nitq qavrayışı üçün zəngin mühit vacibdir.
2.Telefon və planşetdən həddindən artıq istifadə
Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ekran cihazları nitq ləngiməsinin ən yayılmış səbəblərindən biridir.
2 yaşa qədər telefon, planşet və ya TV ümumiyyətlə verilməməlidir.
Fatimə Məmmədova deyir ki, uşağı sakitləşdirmək üçün ekrana yönləndirmək nitqin qarşısını ciddi şəkildə alır:
"Valideyn-uşaq ünsiyyətinin az olması buna birbaşa təsir edir. Uşaq danışmağı eşidərək, təqlid edərək, cavab alaraq öyrənir. Valideynin uşağa az danışması, sual verməməsi, dialoqa girməməsi nitqin inkişafını yavaşladır. Nitq üçün ən güclü stimul - canlı insan ünsiyyətidir.
Bundan başqa, eşitmə zəifliyi çox zaman gec aşkar olunur və nəticədə uşaq nitqi düzgün qavramır. KBB müayinəsinə gec getmək nitqin həm gecikməsinə, həm də səhv formalaşmasına səbəb ola bilər".
Mütəxəssis onu da vurğulayıb ki, irsi amillər və inkişaf pozuntuları da nitqin inkişafına ciddi təsir edir:
"Autizm, ümumi inkişaf ləngiməsi və irsi nitq pozuntuları özünü ən çox 0–3 yaşda göstərir.
Erkən diaqnoz loqopedik müdaxilənin uğur şansını qat-qat artırır".
Fatimə Məmmədova son olaraq valideynlərə diqqətli olmağı və uşağın ilk aylarında ona xüsusi yanaşmağı tövsiyə edib:
"Uşağın "öz-özünə danışmasını" gözləməyin. İlk əlamətləri vaxtında dəyərləndirin. 0–3 yaşda görülən hər bir kiçik addım gələcəkdə böyük nəticələr verir".
Ziya SƏCCAD
Oxşar xəbərlər
"Əl-Cəzirə": "İran və İsrail arasında müharibə ehtimalı artır"
Son həftələrdə İran və İsrail arasında gərginlik yeni mərhələyə keçə bilər. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. "Əl-Cəzirə" telekanalının yay...