SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb.

Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir.

Pandemiya dövründə təhlükəli infeksiyanın aşkarlandığı ölkələrdə COVID-19-dan ölənlərin sayı 1,565,879 nəfərə yüksəlib. Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə təhlükəli infeksiya daşıyıcılarının sayı 15,594,534 nəfərə çatıb. Eyni zamanda virusdan ölənlərin sayı da artaraq 293,496 nəfər təşkil edir.

Virusa ən çox yoluxma hallarının yer aldığı siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsi yoluxma hallarının sayına görə Braziliyanı qabaqlayıb. Hazırda COVID-19-a yoluxma hallarının sayı çoxalaraq 9,735,975-ə yüksəlib. Hindistanda təhlükəli virusdan ölənlərin də sayı durmadan artır. Bu ölkədə ümumilikdə 141,398 nəfər pandemiyanın qurbanı olub.

Koronavirus peyvəndini hazırladığını açıqlayan Rusiyada 2,541,199 yoluxma halının aşkarlanması bu ölkənin virusdan nahaq yerə əndişələnmədiyini göstərir. Üstəlik, 44,718 insanın pandemiyanın qurbanı olması da vəziyyətin ürəkaçan olmadığını əks etdirir.

Avropada koronavirusa ən çox yoluxma Fransa və İtaliyada qeydə alınır. Fransada bu günə kimi yoluxanların sayı 2,309,621, İtaliyada isə 1,757,394 nəfər təşkil edir. Fransada COVID-19 qurbanları İtaliyaya nisbətən azdır. Belə ki, Fransada ölüm sayı 56,352, İtaliyada isə 61,240 nəfərdir. Təbii ki, bu və digər ölkələrdə COVID-19-a yoluxma hallarının sayı artdığı kimi, virusdan ölənlərin də sayı artaraq pandemiyanın hələ də dünya üçün təhlükə kəsb etdiyini göstərir.

Azərbaycanın qonşu ölkələrində də yoluxma nisbəti yüksəkdir. İran İslam Respublikasında bu günə kimi 1,072,620 nəfər yoluxub. Qurbanların sayı isə 51,212 nəfərdir. Digər qonşu Türkiyədə isə 893,630 nəfər yoluxduğu halda, 15,314 nəfər həyatını itirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Bu ölkənin rəsmi orqanlarının açıqladığı rəqəmlərə görə, son sutkada COVID-19-a 80 yeni yoluxma aşkarlanıb. Ötən ilin dekabrından Çində 4634 nəfər virusun qurbanı olub, 86,661 yoluxma qeydə alınıb. Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib.

Avropada COVID-19 virusuna yoluxanların sayının sürətlə artması sərt karantin tədbirlərinin görülməsi ilə nəticələnib. Belə ki, Fransada ərzaq mağazalarını çıxmaqla, bütün mağazalar bağlıdır. Maskadan istifadə ilə bağlı çox sərt tədbirlər həyata keçirilir. İkinci dəfə maskadan istifadə ilə bağlı əgər cərimə yazılarsa, bu, artıq üç min avroya qədər cərimə deməkdir. 

İspaniya rəhbərliyi də virusun qarşısını almaq üçün, demək olar ki, bütün kütləvi insan yığılan yerləri məhdudlaşdırıb. Bir çox obyektlər – bar, restoran, kafelər bağlanıb. Karantin rejiminə gəldikdə, sakinin yaşadığı regiondan çıxmasına məhdudiyyət tətbiq olunub. Axşam saat 10-dan sonra komendant saatı tətbiq ediblər. 

Qardaş Türkiyədə də şəhərlərarası nəqliyyat və insanların hərəkəti məhdudlaşdırılıb, yalnız xüsusi, üzürlü səbəbi olan insanlar müvafiq orqanlar tərəfindən təsdiq edildikdən sonra bir şəhərdən başqa şəhərə hərəkət edə bilirlər. Bütün ölkə miqyasında həftə sonları, istirahət günlərində komendant saatı tətbiq edilir. Yəni insanlar yalnız səhər saat 10-dan axşam saat 8-dək küçəyə çıxa bilərlər. Qalan saatlarda yalnız xüsusi icazəsi olan insanların çıxması mümkündür.

Orxan Hüseyn
BAKU.WS