Xankəndi yolunda sülhməramlıların təminat avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB - CANLI YAYIM

Xankəndi yolunda sülhməramlıların təminat avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB - CANLI YAYIM
Foto
Video 351

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətində Rusiya sülhməramlılarına məxsus 5 ədəd təminat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Hazırda aksiya davam edir.

***11:01

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus maşınlar və təcili yardım avtomobilinin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ikisi ambulans olmaqla ümumilikdə 4 avtomobil ərazidən keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

***09:31

Dekabrın 19-dan etibarən Şuşa şəhərindən keçən Xankəndi-Laçın yolundakı əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər görülməkdədir.

Bu barədə Report-un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir.

Lakin etirazçılar bundan istifadə etmək, irəli getmək fikrindən uzaqdırlar.

Bu, bir daha göstərir ki, bu aksiya dinc xarakterlidir. Məqsəd sülhməramlılarla qarşıdurmaya getmək deyil. Aksiyanın əsas məqsədi, Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır. Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər.

***08:46

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquz gündür davam edir.

Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiya iştirakçıları Azərbaycan Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Son xəbərlər