Qaçqınkom sədrindən yanan yataqxananın sakinlərinə sərt sözlər - VİDEO

Qaçqınkom sədrindən yanan yataqxananın sakinlərinə sərt sözlər - VİDEO
Video
Video 3076
Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunda yanan yataqxana ilə bağlı araşdırmalardan sonra konkret qərar veriləcək.BAKU.WS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev və baş nazirin müavini Əli Əhmədov yanğın baş verən ərazidə olarkən bildiriblər.
Əli Əhmədov və Rövşən Rzayev binaya baxış keçiriblər. Daha sonra onlar məcburi köçkünlərlə görüşüblər. Baş nazirin müavini Bakıda yanğından zərərçəkən məcburi köçkünlərin müvəqqəti yaşama yerləri ilə təmin ediləcəyini bildirib:
"Yanğının baş vermə səbəbləri araşdırılacaq. Yanğının baş verdiyi binada məskunlaşan sakinlərin vəziyyəti çox ağırdır. Yeni tikilən mənzillərə daha ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürülür.
Ehtiyacı olan məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi bizim üçün hədəfdir. Son bir neçə ayda Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğınlar olub. Mən bununla bağlı nə isə demək istəmirəm. Yanğınların baş vermə səbəbi araşdırılır. Mənzilə ehtiyacı olan sakinlərin sayı həddindən artıq çoxdur. Yaxın illər ərzində bu problemi əhəmiyyətli dərəcədə aradan qaldıracağıq".

Ə.Əhmədov yanğından zərərçəkənlərə köməkliyin göstərilməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə tapşırıq verib. Rövşən Rzayev də öz növbəsində binanın aqibəti ilə bağlı qərar veriləcəyini bildirib. “Yanğın baş verən mərtəbədə oldum, orada yaşamağa şərait yoxdur. Bu gündən bu məsələ araşdırılacaq və oradakı insanlar mərhələli şəkildə müvəqqəti yaşayış məntəqələrinə yerləşdiriləcəklər”, - deyə Rövşən Rzayev bildirib.
Daha sonra "Qaçqınkom" rəsmisi ilə sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı Rövşən Rzayev məcburi köçkünlərə ehtiyatlı olmağı tapşırıb. “Ekspertiza gələcək, rəy çıxmasa, heç bir şey olmayacaq. Əgər dövlət bunu sizin üçün edirsə, zəhmət çəkin gözləyin. Özünüzü ehtiyatlı aparın”.
Qeyd edək ki, yataqxananın qəsdən yandırılması barədə söz-söhbət gəzdiyindən, bununla bağlı rəsmilərə suallar ünvanlanıb. Suallara isə konkret cavab verilməsə də, məsələnin araşdırlacağını bildiriblər. Yataqxana sakinləri isə BAKU.WS-ə bildiriblər ki, yanğının qəsdən törədilməsi ortalığa atılan boş söhbətlərdən başqa heç nə deyil. “Bu binada Ağdam, Kəlbəcər, Xocalı və digər rayonlardan olan məcburi köçkünlər var. Hamının uşağı, xəstəsi, qocası var. Hansı axmaq adam qəsdən yanğın törədər? İndi də küçədə qalmışıq”, - deyə sakinlər bildiriblər. Ərazidə araşdırma aparan Fövqəladə Hallar Komissiyasının əməkdaşları isə BAKU.WS-ə bildiriblər ki, ilkin ehtimala görə, yanğın elektrik qısaqapanmasından baş verib. Faktla bağlı araşdırma aparılır. Ziya SƏCCADBAKU.WS

Son xəbərlər