İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB - VİDEO
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.
Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
Yarım əsr əvvəl – elə bu günlərdə Baykal-Amur Magistral xəttinin tikintisinə başlanıldı. Bu, dünyanın ən böyük dəmir yolu arteriyalarından biridir, gələcəyin əsl yoludur. Təbii ki, bunu icra edənlərin, bu layihəni həyata keçirənlərin çoxu üçün, - o vaxt deyirdilər və indi də bunu təsdiq etmək olar, - BAM bütöv bir nəslin arzularının və romantik istəklərinin simvoludur.
BAM, həmçinin Sovet İttifaqının hər yerindən olan iki milyon gəncin nəhəng əməyinin və cəsarətinin təcəssümüdür. Onlar dünya tarixində tayı-bərabəri olmayan, hər mənada bənzərsiz bir layihə həyata keçirdilər.
Bu gün biz görürük ki, BAM əsasən XXI əsr üçün qlobal logistikanı müəyyən edir. Ölkəmiz Sibirin və Uzaq Şərqin mənimsənilməsi və inkişafı, Sakit Okeana doğru yük daşımalarının genişləndirilməsi üçün çox böyük imkanlar əldə etmişdir. Birbaşa deyə bilərik ki, indiki mərhələdə Şərqə dönüş məhz Baykal-Amur Magistralı sayəsində mümkün olmuşdur.
Görüşümüzün iştirakçılarını BAM-ın tikintisinə başlanması münasibətilə təbrik etmək istərdim. Burada, ilk növbədə, dəmir yolu sənayesinin, tikinti sənayesinin, dəmir yolu qoşunlarının veteranları haqqında danışmaq istərdim. Mən bu münasibətlə sizinlə həm çətinliyi, həm də qələbələri bölüşən, sizinlə hər şeyə sahib olan qohumlarınızı, yaxınlarınızı, dostlarınızı, həmkarlarınızı və xidmət yoldaşlarınızı təbrik etmək istəyirəm. İndi veteranlara müraciət edirəm, orada hər şey vardı, tonqallar ətrafında mahnılar oxunurdu, amma ən əsası, çətin və ağır zəhmət idi.
Göstərdiyiniz əmək şücaətinə, çətin vaxtlarda, keçən əsrin 90-cı illərində həyatınızın amalına sadiq qaldığınıza, əmək kollektivlərini qoruyub saxladığınıza, BAM-ın etibarlı işini təmin etdiyinizə görə hamınızın, sizinlə bərabər çalışan hər kəsin qarşısında baş əyirəm.
Bu gün BAM-da yaşayan və işləyən, qabaqcılların şanlı ənənələrini davam etdirən, bu ən mühüm dəmir yolu xəttinin yenidən qurulmasında, inkişafında və ona xidmət göstərilməsində iştirak edən hər kəsə ən səmimi sözlərimi ifadə etmək istəyirəm.
Bildiyiniz kimi, şücaətli əməyə görə təşəkkür və minnətdarlıq əlaməti olaraq, tikinti və dəmir yolu sənayesi veteranlarının və işçilərinin yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında Fərman imzalanıb.
BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.
Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.
Bilirəm ki, bizim görüşümüzdə Heydər Əlirza oğlu ilə birlikdə çalışanlar da iştirak edirlər. Sizdən xahiş edərdim ki, mütləq xatirələrinizi bölüşəsiniz, Heydər Əlirza oğlunun həyatınızda oynadığı roldan danışasınız.
Onu da əlavə edim ki, Heydər Əlirza oğlunun dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə - Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər.
Rusiya-Azərbaycan əməkdaşlığının digər sahəsi bu gün BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğundur. Söhbət “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafından gedir. Əslində, o, Şimal dənizi marşrutunu Fars körfəzi ilə birləşdirir və ya demək olar ki, birləşdirə bilər və birləşdirməlidir.
Həqiqətən ümumittifaq tikinti layihəsinə çevrilən və bütün İttifaq respublikalarının mənafeyinə xidmət edən BAM kimi, “Şimal-Cənub” nəqliyyat dəhlizi də ən geniş beynəlxalq əməkdaşlığın nümunəsinə çevrilməlidir. Söhbət Avrasiya və qlobal Cənub ölkələrinin sürətli iqtisadi və sosial inkişafı məqsədilə yeni logistik marşrutların formalaşdırılmasından gedir.
Bir daha vurğulamaq istərdim, biz bütün maraqlı dövlətləri bu layihədə iştiraka dəvət edirik, gözləyirik ki, bu layihədə BAM inşaatçılarının – ümumi məqsədlərin birləşdirdiyi müxtəlif millətlərdən olan insanların ən yaxşı, zamanın sınanmış dostluq və qarşılıqlı yardım ənənələrindən mütləq istifadə ediləcək.
Biz öz tərəfimizdən tərəfdaşlarımıza Asiya-Sakit okean regionunun sürətlə inkişaf edən bazarlarına çıxış təklif etməyə hazırıq. Bu məqsədlə qabaqcıl texnologiyalar əsasında BAM və Trans-Sibir dəmir yollarının sürətlə modernləşdirilməsi, bütün Şərq poliqonu dəmir yolu xəttinin inkişafı planlarını həyata keçirmək niyyətindəyik.
Bu planların həyata keçirilməsi ölkəmizin birliyinin möhkəmləndirilməsi, siyasi və iqtisadi suverenliyimiz üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Rusiyanın Şərq sərhədlərinə kommunikasiya yollarının yaradılması ideyaları XIX-XX əsrlərin əvvəllərində görkəmli siyasətçilər və ictimai xadimlər tərəfindən irəli sürülüb.
Belə ki, 1908-ci ildə Pyotr Stolıpin o dövrdə həqiqətən parlamentin yuxarı palatası rolunu oynayan Dövlət Şurasının iclasında Amur dəmir yolunun tikintisi layihəsini müdafiə etdi, bunun sayəsində Trans-Sibir dəmir yolu tamamilə ölkəmizin ərazisindən keçdi.
Mən tam əminəm ki, Şərq poliqonunun inkişafı üçün yeni böyük vəzifələrə əsl döyüşçülər, məsələn, BAM komandası nail ola bilər. Bu, məqsədlərinə necə çatmağı bilən güclü xarakterə malik insanların xüsusi birliyidir.
BAM icmasının yaranmasına ürəkdən şadam. O, necə deyərlər, BAM-da iştirak edən hər kəsi - veteranları, Rusiyadan, keçmiş sovet respublikalarından və digər dövlətlərdən olan mütəxəssisləri birləşdirir. BAM inşaatçılarının dostluğunu canlandırmağınız və möhkəmləndirməyiniz, gənclərə insanların taleyindən, bu nəhəng layihənin şərəfli tarixindən danışmağınız və təbii ki, veteranlara yardım göstərməyiniz vacibdir.
BAM inşaatçılarını dəstəkləmək üçün təkcə ictimai səylər deyil, təbii ki, dövlətin konkret addımları da lazımdır. BAM inşaatçıları çox vaxt ağır şəraitdə - müvəqqəti daxmalarda və kazarmalarda yaşayırdılar. İndi, hazırkı mərhələdə bu, şübhəsiz ki, belə olmamalıdır.
Bununla əlaqədar qeyd etmək istərdim ki, Rusiya Federasiyası Hökuməti artıq Baykal-Amur Magistralının Tında, Severobaykalsk, Neryunqri, Komsomolsk-na-Amur kimi əsas şəhərlərinin hərtərəfli sosial-iqtisadi inkişafı planlarını təsdiq edib.
Söhbət onların nəqliyyat infrastrukturunun, mənzil-kommunal təsərrüfatının genişmiqyaslı yenidən qurulmasından və inkişafından, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, idman obyektlərinin əsaslı təmirindən və tikintisindən gedir. Təbii ki, biz mütləq müasir evlər, yeni yaşayış binaları tikəcək, ümumilikdə bu gün BAM-da yaşayan və işləyənlər üçün layiqli şərait yaradacağıq.
Diqqətinizə görə çox sağ olun.
Sözü məmnuniyyətlə qonağımıza və dostumuza vermək istəyirəm. Buyurun, Azərbaycan Prezidenti İlham Əliyev, söz Sizindir.
x x x
Prezident İlham Əliyev çıxış edərək dedi:
- Möhtərəm Vladimir Vladimiroviç!
Əziz dostlar!
İlk növbədə, Vladimir Vladimiroviç, bugünkü tədbirdə iştirak üçün dəvətinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. Bu gün BAM-ı inşa edənlərin, həyatlarını, gəncliklərini Ümumittifaq tikintisinə həsr edənlərin əhatəsində olmaq mənim üçün böyük şərəfdir.
Habelə Baykal-Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə bütün inşaatçıları, mütəxəssisləri, bütün BAM-çıları təbrik etmək istərdim.
Vladimir Vladimiroviç qeyd etdi ki, bu tikinti Sovet İttifaqının bütün respublikalarını birləşdirib, bu, həqiqətən də belədir, onun Ümumittifaq tikintisi adlandırılması təsadüfi deyil. Biz, əlbəttə, fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu tikintidə fəal iştirak ediblər, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, iki dəmir yolu stansiyasını inşa ediblər.
Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.
Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi.
Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq - Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb.
Onu da xatırlayıram ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər - 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar.
Heydər Əlirza oğlunun anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə və rusiyalı dostlarımıza minnətdarlığımı bildirmək istərdim. Ötən il Azərbaycanda və Rusiyada onun yubileyi xüsusi ehtiramla qeyd edildi. Bu, bizim ümumi tariximizdir, biz bunu çox yüksək qiymətləndiririk.
Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq.
“Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq.
Bildirməliyəm ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək.
Bu tədbirdə iştirak etdiyim üçün bir daha minnətdarlığımı bildirmək, bütün BAM-çıları yubiley münasibətilə təbrik etmək, Azərbaycan, Rusiya və bütün MDB ölkələrinin inşaatçılarına yeni uğurlar və nailiyyətlər arzulamaq istəyirəm.
Təşəkkür edirəm.
x x x
Prezident Vladimir Putin: Yefim Vladimiroviç Basin SSRİ nəqliyyat tikintisi nazirinin müavini işləyib, o, Heydər Əlirza oğlu ilə də ünsiyyətdə olub, onunla görüşüb, faktiki olaraq birgə işləyiblər. Hazırda o, “BAM birliyi” ictimai təşkilatının prezidentidir.
Yefim Basin dedi:
-Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç! Hörmətli İlham Heydər oğlu!
Əvvəlcə “BAM birliyi” adından Prezidentimizə BAM-ın bərpasına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu tikinti həyatımızın ən vacib işidir. Siz təxminən belə də dediniz. BAM-dan həqiqətən də iki milyona yaxın insan keçib. Əsasən onlar bu böyük işdə iştirak etməyə cəhd göstərən gənclərdir. İnanılmaz səylərə və çətinliklərə, ekstremal şəraitə baxmayaraq yol tikildi. 1990-cı illərdə BAM-a “heç yerə getməyən yol” damğası vurulanda, biz bunu dəhşətli ədalətsizlik kimi qəbul etdik. Bu, olub. Buna görə də insanları dəstəkləmək üçün 25 il bundan əvvəl biz “BAM birliyi” ictimai təşkilatını yaratdıq, hansı ki, indi ölkənin 54 regionundan 50 mindən çox veteranı birləşdirir. BAM-ın inşasına başlanmasının 50 illiyinin qeyd olunması haqqında Fərmanınız isə insanlarda əvvəlki həvəsi oyatdı, yeri gəlmişkən, Siz də onun haqqında danışmısınız. Bu günlərdə hər yerdə veteranların gənclərlə, məktəblilərlə, tələbələrlə görüşləri keçirilir. Veteranlar BAM-ı necə tikdikləri və çətinliklərə necə sinə gərdikləri barədə danışırlar.
“Bamstroyput”, “Bamtransvzrıvprom”, “Bamstroymexanizasiya”, körpü dəstələri, mexanikləşdirilmiş kalonlar kimi məşhur trestlərimiz fəal işləyir, bu gün qonşum Ruslan Baysarovun rəhbərliyi ilə “Bamtonnelstroy-Most” artıq praktik olaraq Severomuysk tunelində, onun ikinci xəttində işlərə başlayır. Bu, çox vacibdir. İnsanlar inşaatçıların əmək şücaətinin unudulmadığına sevinirlər. BAM bizi nəhəng tikintilərin genişləndirilməsi təcrübəsi ilə zənginləşdirib. Biz körpülərin yüksək sürətlə tikintisi, daimi donuşluq şəraitində alt qatların doldurulması, - hətta o vaxtlar öyrənmək üçün bizə çinlilər gəlirdilər, - tektonik qırılmalar və güclü su axınları şəraitində tunellərin keçməsi təcrübəsini inkişaf etdirmişik. BAM-ın inkişafı üçün genişmiqyaslı layihə ilə bağlı qərarınızı hamımız böyük həvəslə qəbul etdik.
Bu gün magistral yolda iş aşıb-daşır. Magistral ikiyollu olacaq. Alternativ tunellər tikiləcək. Təəssüf ki, çox vaxt itirildi. Ancaq ümid edirəm ki, Şərq poliqonunun inkişafı məsələsi yalnız yollar şəbəkəsi ilə bitməyəcək. Axı, BAM zonasının inkişafı üçün çox böyük iş görməliyik, bu isə Rusiyanın təbii ehtiyatlarının üçdəbiridir, tam Mendeleyev cədvəlidir. Eyni zamanda, şübhəsiz, Şimal ekstremal şəraitindəki tikinti təcrübəmizə də tələbat olacaq. BAM-ın ümumxalq tikintisi adlandırılması təsadüfi deyil. Onun tikintisində həqiqətən də bütün ölkə iştirak edib. BAM-da tikilmiş 60 stansiyaətrafı qəsəbənin yarısından çoxu Rusiyanın və Azərbaycan da daxil olmaqla, demək olar ki, bütün sovet respublikalarının müxtəlif böyük şəhərlərinin nümayəndələri tərəfindən inşa olunub.
Hökumət tərəfindən, artıq dediyiniz kimi, tikintiyə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev nəzarət edirdi. O, möhkəm iradəli, böyük erudisiyaya malik və səriştəli bir insan idi. O, mənim taleyimdə də əhəmiyyətli rol oynayıb. Mənim taleyimdə o, BAM-ın tikinti rəisi - SSRİ nəqliyyat tikintisi nazirinin müavini vəzifəsinə təyin edilməyimdə də mühüm rol oynayıb. Heydər Əliyevin BAM-a gəlişini dəqiq xatırlayıram. 1984-cü ilin iyun ayı idi. Bu, bütün BAM boyu “qızıl birləşmənin” ərəfəsi ili idi. Gərginlik pik nöqtəsinə çatmışdı. İvan Varşavski və Aleksandr Bondarın rəhbərlik etdikləri bütün briqadalar bir-biri ilə qarşılaşmağa tələsirdilər. Lakin onların yolunda, xüsusən, böyük körpülər və tunellər kimi bir çox maneələr var idi. Məhz bu problemlərin həlli üçün Heydər Əlirza oğlu Əliyev BAM-a gəldi. Təxminən on gün bizimlə bir yerdə qaldı. Bu səfər zamanı o, məni tikintisi o vaxt cədvəldən geri qalan Kodar tunelinin vəziyyətini öyrənmək üçün iki baş idarənin rəisi ilə birlikdə vertolyotla həmin əraziyə göndərdi. Obyektin işə salınmasına cəmi altı ay qalmışdı. Biz tunelin sonuna çatmağa müvəffəq olduq, geri qayıdanda isə onun tavanı çökdü. Məsələ orasındadır ki, tunel daimi donuşluq şəraitində inşa edilmişdi. Təəssüf ki, tuneli inşa edənlər qazma işlərində irəliləsələr də, tunelin çuqun tubinqlər qoyulması işində yubanmışdılar.
Təbii ki, biz vəziyyət barədə Heydər Əlirza oğluna məlumat verməli olduq. Gözləntilərimizin əksinə olaraq, o, yaranmış vəziyyəti sakit şəkildə qəbul etdi. Təkcə bunu dedi: “Yaxşı, burada Kodar tunelinə gedən kəsə yol inşa etmək lazımdır”. Yadımdadır, Heydər Əlirza oğlu 15 kilometrlik tunelin girişinin necə çəkildiyini qiymətləndirmək üçün Severomuysk tunelinə enmişdi. Bundan sonra, o, mürəkkəbliyinə görə unikal olan bu obyektin inşası ilə bağlı ən aktual məsələlərin həll olunduğu böyük bir iclas keçirmişdi. Aydın idi ki, 1989-cu ilədək, yəni, Baykal-Amur Magistralının istismara verildiyi ilə qədər tuneli tikmək mümkün olmayacaq. Buna görə 18 minlik yamacı olan ikinci kəsə tunelin inşa edilməsinə qərar verildi. Mən bu keçidi kiçik BAM adlandırıram. Çünki dağ şəraitində təkcə 64 kilometrlik yol çəkmək yox, həm də yeni iki tunel və 12 körpü, o cümlədən sonradan sürücülərin “Şeytan körpüsü” adlandırdıqları 30 metr hündürlüyündə körpü inşa etmək lazım idi. Lakin bu qərar bizə 1989-cu ilin oktyabrına qədər bütün BAM-ı vaxtında daimi istismara verməyə imkan yaratdı. Daha doğrusu, bu, dahiyanə qərar idi.
Azərbaycanlı mütəxəssislər, İlham Heydər oğlunun dediyi kimi, BAM üzərində iki gözəl qəsəbə tikdilər. Amma əsas odur ki, onların memarlığı Azərbaycan milli üslubunda hazırlanıb. Bu qəsəbələr Ulkan və Anqoyadır. 2008-ci ildə Anqoya stansiyasındakı vağzala Heydər Əlirza oğlu Əliyevin adı verilib. Bu gün də həmin lövhə stansiyanı bəzəyir.
Bu heyrətamiz insanın portretinə daha bir cizgi əlavə etmək istəyirəm. Azərbaycan BAM-dakı mütəxəssislərinə verdiyi vədi yerinə yetirən yeganə respublikadır - tikinti başa çatdıqdan sonra ölkə onları mənzillə təmin edib. Bu, bizim üçün çox vacibdir. Bu gün Prezidentin özünün də dediyi kimi, veteran BAM-çıların yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bundan sonra da tədbirlərin görülməsi xəbəri, həqiqətən də insanlarımız tərəfindən daha böyük coşqu ilə qarşılanacaq.
Heydər Əliyev bunu da, bu insanları da unutmurdu. Onun adı xalqlarımızın dostluğunun rəmzinə çevrilib. Bu gün də BAM-ın bütün inşaatçıları adından mən onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlunu və əlbəttə ki, Vladimir Vladimiroviç, Sizi iyulun 8-də BAM-ın paytaxtı Tındada onun 50 illik yubileyinin qeyd olunması mərasimində iştirak etməyə dəvət etmək istərdim. Düşünürəm ki, həmin vaxta qədər Siz Severomuysk tunelinin tikintisi işlərinə başlaya bilərsiniz. Bu, möhtəşəm hadisə olacaq. Orada - Tındada, BAM inşaatçılarına gözəl, müsabiqədə birinci yerə layiq görülmüş çox yaxşı bir abidə qoyulacaq. Yeri gəlmişkən, Moskvada merin qərarı ilə üç vağzalın ərazisindəki meydan BAM inşaatçıları meydanı adlandırılıb. Çünki ilk komsomolçular birbaşa komsomolun 17-ci qurultayından sonra bu meydandan, bu vağzallardan BAM-a yola düşürdülər. Onların bir çoxu burada, bu masanın ətrafında əyləşiblər.
Çox sağ olun.
x x x
Prezident Vladimir Putin: Təşəkkür edirəm, Yefim Vladimiroviç.
İki dəfə Rusiya Federasiyasının nəqliyyat yolları naziri olmuş Gennadi Matveyeviç Fadeyev də BAM ilə birbaşa əlaqəsi olan şəxsdir. Buyurun, Gennadi Matveyeviç.
Gennadi Fadeyev dedi:
-Yubilyara - Baykal-Amur Magistralına həsr olunmuş belə qeyri-adi görüşdə iştirak etmək imkanı yaradıldığına görə Sizə təşəkkür edirəm. Əvvəlcə nə demək istərdim? İnsanlar mənə “BAM nədir” sualını verəndə, mən belə cavab verirəm: “BAM insanlar deməkdir. BAM tikinti sərəncamlarını imzalayan insanlardır. Onlar böyük insanlardır. BAM, tikinti üçün birbaşa şərait yaradan insanlardır. BAM, təbii ki, tikinti işlərini görən insanlar deməkdir. Yəni, BAM, ilk növbədə, məhz bu deməkdir”. Onu vurğulamaq istəyirəm ki, biz Heydər Əlirza oğlu haqqında danışanda insanlarda belə bir təəssüratın yarandığını görürük: o, insanları çox sevən insan idi. O, kilometrlərlə deyil, tonlarla deyil, talelərlə, BAM-çıların bu və ya digər müddət ərzində işlədiyi şəraitlə maraqlanırdı. O, heyrətamiz rəhbər idi. Yalnız hansısa yekun məqamda o, təkrarən zəruri mövzuya yenidən qayıdar, işin daha səmərəli olması üçün sabah nə ediləcəyini və digər məsələləri düşünərdi.
Onunla şəxsən tanış olmaq şərəfinə nail olmuşam. Məsələ Nəqliyyat Yolları Nazirliyindəki kadrlarla bağlı idi. O, nəqliyyat sahəsinə də rəhbərlik etdiyi üçün məni onun yanına göndərdilər. Biz burada, Kremldə əyləşmişdik. İnsana dövlət məmuru kimi yox, məhz əsl insan kimi yanaşırdı, nə üçün gəldiyini, narahatlığının nədən ibarət olduğunu soruşurdu, insanla həqiqətən maraqlanırdı. O, vəziyyəti xəbər almağa başladı, - mən o vaxt nazir müavini vəzifəsində idim, - şəbəkədə vəziyyət necədir? Sonra isə dedi: “Partiyanın Mərkəzi Komitəsi Nəqliyyat Yolları Nazirliyi rəhbərliyinin gücləndirilməsi barədə qərar qəbul edib və sizə nəqliyyat yolları nazirinin birinci müavini vəzifəsi təklif olunur”. Təbii ki, mən ona təşəkkür etdim. O, sözünə davam edərək dedi: “Siz yarım ildir ki, nazir müavini işləyirsiniz, bu məsələləri həll edə bilmisiniz və ümid edirik ki, siz bundan əlavə, daha çox iş görəcəksiniz”. Ona söz verdim ki, çalışacağam. Həmin il şəbəkəyə 4 milyard 100 milyon ton yük daxil oldu. Belə bir hal heç vaxt olmamışdı. İndi Sovet İttifaqı yoxdur, amma necə işləmək lazım olduğuna dair təlimatlar artıq o dövrdə müəyyən edilmişdi.
Baykal-Amur Magistralının tikintisinə kimin daha çox töhfə verdiyi barədə danışanda, əlbəttə ki, orada bir çox mütəxəssisin, alimin və digərlərinin çalışdığından bəhs edirik. Ancaq təcrübəm, həyat yolum onu deməyə imkan verir ki, Heydər Əlirza oğlu BAM-a nəzarət edən rəhbərlərin ən yaxşısı idi. O, mahiyyət etibarilə, BAM-ın həyata keçirilməsinə nail oldu. O illərin necə çətin olduğunu xatırlayarsınız, həmin çətin illərdə belə bir tikinti sahəsinə rəhbərlik etmək böyük hünər idi. Onu da vurğulamaq istəyirəm ki, inşaatçılar özləri də başa düşürdülər, maaş almadıqlarına görə işdən çıxsalar, Severomuysk tunelində qarşısıalınmaz proseslər baş verə bilər. O vaxt ən çətin dövr idi. Yekdil olmaq, bir-birini anlamaq lazım idi. Tikintidə iş davam edirdi. Demək istəyirəm ki, ölkəmizin Prezidenti Vladimir Vladimiroviç Federal Məclisə göndərdiyi məktubda Baykal-Amur Magistralının üçüncü mərhələsinin obyektlərini bir-bir sadalayıb. Bu, bir möcüzədir, mahiyyət etibarilə, Severomuysk, Kuznetsk, Kodar tunellərinin, Komsomolsk yaxınlığında Amur üzərindəki ikinci dəmir yolu körpüsünün eynisidir. Məktubdan bir gün sonra Oleq Valentinoviç Belozerov məni telefonla baş podratçı ilə işə başlamaq barədə müqavilə imzalamağa dəvət edəndə inanmadım. Bu təcrübəmlə, yaşımla belə bir təəssürat yaşadım ki, mən xoşbəxt insanam, bunu da görmək mənə nəsib oldu. Müqaviləni imzalamaq üçün gələndə və Ruslan Baysarovla yaxından tanış olanda ona dedim: sinəmdə “Fəxri dəmiryolçu” nişanı gəzdirirəm, işin qrafikə uyğun təhvil verilməsi üçün zaman məhdudiyyətinə, keyfiyyətə və digər amillərə görə böyük məsuliyyət daşıyacağını bildiyin halda bu obyektlərə getməklə bağlı cəsarətli qərar verdiyin üçün indi onu sənə verəcəyəm.
Zənnimcə, bu, çox böyük hadisədir. Severomuysk tuneli 26 ilə inşa edildiyi halda, o, bu işi 6-10 il ərzində görməyə hazır olduğunu deyirsə, onun və inşaatçıların qarşısında baş əymək lazımdır. Mən başa düşürəm ki, Prezidentimiz bütün iştirakçıların işin icrasına nə qədər hazır olduqlarını və bunun üçün onlara nə lazım olduğunu yoxlamaq üçün xüsusilə belə edib. Zənnimcə, Prezidentimizin həmkarının - Prezident Əliyevin iştirakı ilə keçirilən bu görüş çox gözəldir, məsuliyyətlidir, burada məhz işinin ustası olan məharətli insanlar toplaşıblar.
İki ölkənin prezidentləri ilə görüş gününün əlamətdar olduğunu vurğulayan Gennadi Fadeyev dost Azərbaycan Respublikasının Baykal-Amur Magistralının yaradılmasına və inkişafına böyük töhfə verdiyini vurğulayaraq dedi: Azərbaycan da, insanları da gözəldir. Hamı oraya artıq böyük maraqla getməyə başlayıb. Bu, əladır. “Şimal-Cənub” layihəsinə gəldikdə isə mən əminəm ki, iki ölkə prezidentlərinin böyük səyləri və imkanların birləşdirilməsi sayəsində bu layihə icra olunacaq.
Mən ayrıca olaraq, Sizə müraciət etmək istərdim, İlham Heydər oğlu, Vətənə qayıdanda atanızın ruhu qarşısında baş əyin və ona çatdırın ki, biz onu sevirik, onu hörmətlə yad edirik. Bugünkü görüş və gələcək işlər üçün Sizin qarşınızda ehtiramla baş əyirəm.
x x x
Prezident Vladimir Putin: Mən giriş nitqimdə hərbi inşaatçılar haqqında da bəhs etdim. Sergey Aleksandroviç, Şərq hərbi dairəsinin 50-ci ayrıca dəmir yolu briqadasının komandiri.
Sergey Vasilyanov dedi:
-Yoldaş Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı.
Hörmətli İlham Heydər oğlu.
Uzaq 1984-cü ildə briqadamızın hərbi dəmiryolçuları Vətənin fəxri tapşırığının icrasına - Baykal-Amur dəmir yolu magistralının Şərq hissəsinin tikintisinə ilk başlayanlardan oldular. Şəxsi heyətin gündəlik əməyi cəsarət, əzmkarlıq və qəhrəmanlıq nümunəsi idi. Vəzifələrini şərəflə yerinə yetirdikləri sərt iqlim, yolsuzluq, çətin şərait onları ciddi imtahana çəkdi, peşəkar bacarıqlarının və ən yaxşı insani keyfiyyətlərinin ciddi sınağı oldu. Bütün çətinliklərə baxmayaraq, briqada BAM stansiyasından Tında stansiyasına qədər Baykal-Amur dəmir yolu magistralı sahəsinin inşası, Şimanov zavoduna giriş yollarının tikintisi və Uzaq Şərqin dəmir yolu kommunikasiyalarının inkişafı ilə bağlı üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdi. 1984-cü ildə Heydər Əlirza oğlu Əliyev dəmir yolu hərbçilərinə tapşırılmış Şərq hissəsindən keçərək inşaat işlərinin təhvil alınmasında iştirak edib. Sərt iqlim şəraitində tikintinin təşkilində qazanılmış təcrübədən bu günlərdə də Baykal-Amur dəmir yolu magistralının Ulak-Fevralsk sahəsində yenidənqurma işləri zamanı briqadanın şəxsi heyəti tərəfindən geniş istifadə edilir. Bu, bizim üçün böyük şərəf və ciddi məsuliyyətdir. Biz öz əməyimizlə yaşlı nəsillərin işini davam etdiririk. İcazə verin, Sizi əmin edək ki, bundan sonra da mənə tapşırılmış birlik qarşıya qoyulmuş vəzifələri şərəflə yerinə yetirəcək və gərgin əməyi ilə nəhəng Rusiyanın qüdrətinə töhfəsini verəcək.
x x x
Prezident Vladimir Putin: BAM gənclərin çalışdığı yer idi. Ancaq əslində, indi də bu miqyasda olan layihələr mahiyyətcə eynidir. Gənclər əsasən işləyirlər və belə böyük perspektivlər, platformalar və layihələr yaradırlar. Uşakova Viktoriya Aleksandrovna, İrkutsk Dövlət Nəqliyyat Yolları Universitetinin tələbəsi, buyurun.
Viktoriya Uşakova dedi:
-Hörmətli Vladimir Vladimiroviç, İlham Heydər oğlu, Siz dediyiniz kimi, mən İrkutsk Dövlət Nəqliyyat Yolları Universitetinin tələbəsiyəm və bu gün mən təkcə Rusiya tələbələrini deyil, həm də Rusiyanın tələbə dəstələrini təmsil edirəm. Əvvəlcə, Sibir, İrkutsk bölgəsi və Rusiya tələbələri adından inkişaf etmək və hər zaman daha çox səy göstərmək imkanlarının yaradılmasına görə təşəkkür edirəm. Etimadınıza görə Rusiya tələbə dəstələri adından minnətdarlığımızı bildirirəm. Çünki ölkəmizin ən vacib strateji obyektini gənclərə həvalə etmək asan iş deyil. Artıq üçüncü ildir ki, “BAM 2.0” Ümumrusiya Tələbə Əmək Layihəsi çərçivəsində Baykal-Amur Magistralının tikinti obyektlərində işgüzar bacarıqlarımızı sübuta yetiririk. Axı, biz iş adamlarıyıq. Biz gəncik və gələcək bizimlədir. Vladimir Vladimiroviç, icazə verin, bütün tələbələri, o cümlədən tələbə dəstələrinin cəsur üzvlərini maraqlandıran bir sual verim. Bilirəm ki, siz də vaxtilə tələbəlik illərində “Femida” tələbə dəstəsinin üzvü olmusunuz. Mənim üçün çox maraqlıdır, indi tələbə olsaydınız, bizimlə BAM-a gedərdinizmi?
Vladimir Putin: Tələbə olmağı çox istərdim. Əgər tələbə ola bilsəydim, BAM haqqında eşitdiklərimdən sonra böyük məmnuniyyətlə oraya gedərdim.
Viktoriya Uşakova: Sağ olun.
***21:46
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinin Baykal-Amur magistralının (BAM) dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşü olub.
Görüş BAM layihəsinin 50 illik yubileyi münasibətilə keçirilib.
***21:12
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü başlayıb.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...