VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“İlham Əliyev pandemiyanın uzun müddət davam edəcəyi barədə ilk dəfə danışmır. Və elə buna görə də dövlət öz xəzinəsini, maddi imkanlarını, iqtisadi çəkisini gözdən keçirir, təftiş edir, səylə, ciddi surətdə yoxlayır ki, vətəndaşın etibarlı sosial müdafiəsini uzun müddətli xüsusi vəziyyət üçün təşkil edə bilsin.

Yəni dövlət başçısı əslində ölkə üçün böhran dövründə iqtisadiyyatın qorunması və artırılması modeli tətbiq edir. Necə deyərlər, karantin rejimi yumşalır, Prezidentin ritorikası isə sərtləşir".

BAKU.WS xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

Daha sonra o bildirib:

"Biz həm də belə demək mümkünsə, uçuş zamanı yanacaq doldurulması prosesinin şahidləri və iştirakçıları, həm də sərnişinləriyik. Əslində Prezident islahatların 2018-ci il paketinin davamını həyata keçirməklə məşğuldur.

Yəni Əliyev islahatları heç nəyi təxirə salmadan, iş qrafikini dəyişmədən, amma pandemiya şəraitini nəzərə almaqla həyata keçirir. Və elə buradaca mühüm bir təzada toxunum.

Prezidentin dövlət vəsaitini əhalinin ehtiyaclarına sərvaxt və sərrast, ehtiyat və ehtiyacı nəzərə alaraq yönləndirməsi cəmiyyətin müəyyən bir qisminin, o cümlədən Parlamentdə təmsil olunan maliyyə blokundakı bəzi fürsətcil populistlərin müntəzəm “pul qopartmaq!” çağırışları ilə müşayiət olunur.

Yəni Prezident keçirdiyi toplantılarda böyük vəsait itkilərinin qarşısını almaq tapşırıqları verir, buna nail olur, sızmaları yaradan qara dəlikləri axtarır, sonra, hüquq-mühafizə orqanlarının dili ilə desək aşkar edilərək götürülmüş vəsaiti xalqın ehtiyaclarına yönəldir.

Parlamentin bəzi üzvləri isə Xeyriyyə Fondu məntiqilə yalnız “ona pul ver! Buna pul ver!”, “Onun müavinatını artır, bunun müavinatını artır, aradabir bizim də maaşımızı qaldır!” fəlsəfəsindən uzağa getmir”.

Mirşahin Ağayev deyib ki, bu əhval-ruhiyyənin kökü bir neçə il əvvələ gedib çıxır:

“Problemli kreditlərin ödənməsi, 11 min manatlıq vəsait ətrafında yaradılmış ajiotaj, hətta mədəniyyət və incəsənət nümayəndələrinin Prezident və birinci xanımla görüşündə mənəvi yox, məhz maddi məsələlərin prioritetə çıxarılması zamanına. Bax o zaman da köhnə deputatlar “hamam suyu ilə dost” prinsipinə uyğun olaraq dövlət büdcəsində deşik axtarırdılar.

İndi də onların davamçıları dövlət büdcəsinə qənaət yox, səxavət gözü ilə baxırlar. Baxmayaraq ki, koronavirus dünyası fərdi məsuliyyət hissini prioritetə çevirib və bu gün insanlarda yəqin ki, ilk növbədə ağır durum üçün yeni büdcə mədəniyyəti aşılanmalıdır.

Bu baxımdan Milli Məclisin bəzi üzvlərinin dövlət büdcəsinə geniş ağuş bucağından baxması ondan xəbər verir ki, deyəsən belə deputatlara pandemiya şəraiti, ağır günün xüsusi dolanışıq qrafiki barədə kurslar keçmək lazımdır. Bəli sosial layihələrin heç bir vacibi, ən zərurisi təxirə salınmadı.

Amma bu o da demək deyil ki, deputat yeni şəraiti, qlobal böhranı nəzərə almamalı, uşaq pulu-böyük pulu, nənə pulu, baba pulu, turp pulu deyib durmalıdır. Büdcə anlayışı, büdcə mədəniyyəti yeni çağırışlara adekvat olaraq dəyişməlidir.

Yazıçının, aktrisanın, heykəltəraşın, jurnalistin, deputatın, onun, bunun dövlətdən pul istəmək vaxtı keçməlidir. Analitiklərimiz İcbari tibbi sığorta, ümumiyyətlə sığorta məsələlərinin ön plana çıxmasını da məhz yeni iqtisadi-maddi düşüncə tərzindən çıxış edərək şərh etməlidir.

Doğrudur qlobal fəlakətdən qorunmaq üçün yardım vəsaitləri, necə deyərlər, dövlət nəzirləri ayrılır. Onların təyinatı üzrə xərclənməsinə xüsusi nəzarət edilir. Amma eyni zamanda ödənişli ictimai iş yerləri də yaradılır ki, burada vətəndaşın işləmədən dişləmək vərdişi formalaşmasın.

Prezident bu gün dövlətin təsisçi obrazını təqdim edir. Son müşavirə də bu platformanın təqdimatının davamı idi. Təkrar edirik. Prezident ölkənin pul ehtiyatlarına uzunmüddətli qlobal böhrana davamlı hazırlıq və çevik reaksiya baxımından yanaşır. Ona görə də hər kəsi dövlət intizamına, vətəndaş məsuliyyətinə, qanuna riayətə çağırır”.

BAKU.WS
VİDEO