SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Konstitusiya Məhkəməsi 2024-cü ilin 7 fevralında keçirilən növbədənkənar prezident seçkisinin nəticələrini elan edib.

Oxu.Az-ın məlumatına əsasən, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə araşdırmaları dinlənildikdən sonra prezident seçkisinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair Qərarı oxuyub.

Qərara əsasən, 2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkisinə dair Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əks olunmuş nəticələr təsdiq edilib.

Konstitusiya Məhkəməsi bildirib ki, Azərbaycan Respublikasının Prezidentliyinə namizəd İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

Qərar elan olunduğu andan qüvvəyə minir.

Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Bildirək ki, Mərkəzi Seçki Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkisində seçici fəallığı 76,43 faiz olub.

***12:14

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

“Report”un xəbərinə görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edəcək.

11:18

***11:29

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsi Plenumunun iclasında çıxış edir.

"Report"un xəbərinə görə, MSK sədri 7 nəfərin prezidentliyə namizədliyinin qeydə alındığını bildirib.

O, seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçinin izlədiyini qeyd edib.

M.Pənahov xatırladıb ki, 1000 məntəqədə veb-kamera quraşdırılıb: "Seçicilərin fəallığı 76,43 faiz olub".

MSK-nın qərarına əsasən, seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkarlanan 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb.

M.Pənahov bildirib ki, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi ümumi nəticəyə təsir etməyib: "Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər".

11:10

***11.05

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, toplantıda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bildirilib ki, MSK fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

BAKU.WS
VİDEO

QALEREYA