Yamalın Dünya Çempionatındakı ən böyük problemi üzə çıxdı
İspaniya millisinin 19 yaşlı ulduzu Lamin Yamal DÇ-2026-da komandanın ən böyük ümidlərindən biri olsa da, turnirdəki fərdi statistikası gözlənilən səviyyədə deyil. İspaniya bu gün yarımfinalda Fransa ilə üz-üzə gələcək və məhz bu qarşılaşmada gənc vingerin liderlik keyfiyyətlərini tam nümayiş etdirməsi gözlənilir.
BAKU.WS-in məlumatına görə, Yamal dünya çempionatında keçirdiyi altı oyunda cəmi bir qol vurub və hələlik məhsuldar ötürmə ilə yadda qalmayıb. Halbuki, Avro-2024-də o, bir qolla yanaşı, dörd məhsuldar ötürmə etmiş və turnirin ən yaxşı gənc futbolçusu seçilmişdi.
Mütəxəssislərin fikrincə, Yamalın məhsuldarlığının azalmasının əsas səbəbi aprel ayında aldığı əzələ zədəsidir. Bu zədə səbəbindən o, təxminən iki ay yaşıl meydanlardan uzaq qalıb, həm "Barselona"nın mövsümün son hissəsindəki oyunlarını, həm də İspaniya millisinin dünya çempionatından əvvəlki yoxlama görüşlərini buraxıb. Məşqçilər heyəti də zədənin təkrarlanma riskinə görə qrup mərhələsində futbolçunu ehtiyatla istifadə edib.
Buna baxmayaraq, Yamal hücum xəttində aktivliyi ilə seçilir. O, turnirdə İspaniya millisinin ən çox driblinq edən futbolçusudur və rəqib müdafiəçiləri daim üzərinə cəlb etməklə komanda yoldaşları üçün boş zonalar yaradır. Bununla yanaşı, onun oyununda diqqət çəkən əsas çatışmazlıq həlledici ötürmələrin azlığıdır. Statistikaya görə, Yamal əvvəlki böyük turnirlə müqayisədə qapıya daha çox zərbə endirsə də, komanda yoldaşlarını qol vəziyyətinə çıxaran ötürmələrinin sayı xeyli azalıb.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə gənc futbolçunu müdafiə edir. Onun sözlərinə görə, Yamal hələ tam potensialını nümayiş etdirməyib və ən yaxşı oyunları qarşıdadır. Məşqçi hesab edir ki, vinger həm müdafiədə böyük iş görür, həm də rəqiblər üçün ciddi təhlükə yaradır.
Yarımfinalda Fransa ilə qarşılaşma Lamin Yamal üçün növbəti böyük sınaq olacaq. Əgər o, hücumda daha məhsuldar çıxış edə bilsə, İspaniyanın finala yüksəlməsində əsas fiqurlardan birinə çevrilə və cəmi 19 yaşında dünya çempionu olmaq şansını əldə edə bilər.
Oxşar xəbərlər
Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib
Anqolalı futbolçu Aleksandr Abelin yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Şəfa"ya transferi baş tutmayıb. BAKU.WS AZƏRTAC-a istinadən xə...