"Qəbələ” azarkeşlərə müraciət etdi
"Qəbələ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Apollon”la (Kipr) qarşılaşacağı matçla bağlı azarkeşlərə müraciət edib.
BAKU.WS-in "Qəbələ” klubuna istinadla verdiyi məlumata görə, müraciətdə deyilir:
"Komandamız bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubunu qəbul edəcək. İlk oyunda - Kiprdə baş tutan qarşılaşmada komandamız yerli azarkeşlərin təzyiq, təhdid və təhqirlərinə məruz qaldı. Lakin futbolçularımız vurduqları bərabərlik qolu, rəhbərliyimiz isə lazımi instansiyalara müraciət etməklə kiprli azarkeşlərin layiqli cavabını verdi.
İndi cavab vermə növbəsi Sizdədir. Siz öz humanist davranışlarınızla idman meydanlarında qabalığa yer olmadığını, azərbaycanlı azarkeş mədəniyyətini kiprlilərlə yanaşı, UEFA nümayəndələrinə nümayiş etdirməlisiniz. Qeyd etmək istərdik ki, daim oyunlara bir nümayəndə göndərən UEFA matç ətrafındakı gərginliyi nəzərə alaraq bu dəfə 2 səlahiyyətli şəxsin "Qəbələ" - "Apollon" görüşünə ezam olunmasına qərar verib. Bu da hər hansı bir mənfi hal baş verərsə, komandamızı böyük cəzaların gözlədiyini göstərir.
Ümid edirik ki, həmin şəxslər Avropanın ali futbol qurumuna təqdim edəcəkləri hesabatlarında "Qəbələ" azarkeşləri və klubu haqqında müsbət rəylər bildirəcəklər!
Gəlin diqqətimizi yalnız oyuna yönəldək, birlikdə komandamızı qələbəyə səsləyək, ona dəstək olaq və növbəti uğurlarına şahidlik edək”, - deyə müraciətdə deyilir.
BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ı gözləyən güclü rəqiblər (SİYAHI)
"Qarabağ” 2015/2016 mövsümündə Avropa macərasına UEFA Avropa Liqasından davam edəcək. BAKU.WS-in məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsi...