Qarabağ"ın növbəti rəqibi - 394 milyon avroluq "Ayntraxt Frankfurt"

Qarabağın növbəti rəqibi - 394 milyon avroluq Ayntraxt Frankfurt
İdman 99

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın növbəti rəqibi Almaniyanın güclü klublarından olan "Ayntraxt Frankfurt" olacaq.

BAKU.WS-in məlumatına görə, anvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

"Ayntraxt Frankfurt" Almaniya futbolunun köklü klublarından biridir. Komanda Bundesliqada çıxış edir və hazırda turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Klub artıq 14 ildir fasiləsiz olaraq Almaniyanın ən yüksək liqasında mübarizə aparır.

Almaniya təmsilçisinin ümumi heyət dəyəri 394,4 milyon avro olaraq qiymətləndirilir. Komandanın heyətində 32 futbolçu yer alır, orta yaş göstəricisi isə 25,2-dir. Futbolçuların 65,6 faizi legionerlərdir, 13 oyunçu isə milli komandaların üzvüdür.

"Ayntraxt Frankfurt"un ən bahalı futbolçusu hücumameyilli yarımmüdafiəçi Can Uzundur. Türkiyə əsilli gənc futbolçunun transfer dəyəri 45 milyon avro təşkil edir.

Komandanın hücum xətti də kifayət qədər güclüdür. Xüsusilə Jean-Mattéo Bahoya (25 milyon avro) və Ritsu Doan (25 milyon avro) kimi tanınmış və məhsuldar futbolçuları qeyd etmək olar.

"Ayntraxt Frankfurt" indiyədək 1 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya Kubokunun, həmçinin UEFA Kubokunun və Avropa Liqasının qalibi olub. Klub ev oyunlarını 59 500 tamaşaçı tutumuna malik "Deutsche Bank Park" stadionunda keçirir.

Qeyd edək ki, Almaniya təmsilçisi son illərdə avrokuboklarda stabil çıxışı ilə seçilir və "Qarabağ" üçün ciddi sınaq hesab olunur. Bakıda keçiriləcək qarşılaşma həm idman, həm də azarkeş marağı baxımından böyük diqqət mərkəzində olacaq.

Son xəbərlər