Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”.
BAKU.WS xəbər verir ki, bu sözləri oxu.az-a müsahibəsində “Neftçi”nin prezidenti (baş icraçı direktoru - red.) Fərrux Mahmudov deyib.
İyulun 24-dən paytaxt klubuna rəhbərlik edən F.Mahmudov mövcud durum, hədəflər, planlar barədə sualları cavablandırıb.
- Geniş ictimaiyyət üçün öncə özünüzü təqdim etməyinizi istərdik. Fərrux Mahmudov kimdir?
- 1982-ci ildə Bakıda anadan olmuşam. 27 yaşıma qədər səkkizinci kilometr ərazisində yaşamışam. İqtisad Universitetində bakalavr, Macarıstanda Mərkəzi Avropa Universitetində isə marketinq və idarəetmə üzrə magistratura təhsili almışam. Ailəliyəm, üç övladım var.
- Son iki ildə idman sahəsində çalışmışınız?
- Bəli. Azərbaycan Basketbol Federasiyasında icraçı direktor olmuşam.
- Basketboldan futbola keçdiniz. Futbol sizin üçün nə ifadə edir?
- Futbol mənim üçün həyat tərzidir. İki həftədən bir qədər çoxdur “Neftçi”dəyəm. Əməkdaşların iş fəaliyyətindən, jurnalistlərin yanaşmasından da bunu bir daha görürəm. Futbol adi bir oyun deyil, bu, həyat tərzidir.
- Belə başa düşürəm ki, futbola marağınız uşaqlıqdan var.
- Təbii ki. Biz futbolla böyümüşük. Futboldan başqa məhəllədə nə oynayırdıq ki... Yəqin ki, siz də xatırlayarsınız, kimin topu var idi, o, ulduz idi. Həmin vaxtlar top almaq da çətin olurdu. O dövrün uşaqları kimi də bunlarla üzləşmişik. Həm oynamışam, həm də həvəslə oyunlara baxmışam.
- “Neftçi”nin oyunlarına?
- Təbii ki. Televizoru yandıranda digər klubu görmək çətin idi. “Neftçi”nin SSRİ vaxtında böyük yeri olub, uğurlu yerlər tutub. AzTV-ni açanda “Neftçi”nin oyunları gedirdi, ona da baxırdıq. Bəzi matçları da stadionda izləmişəm.
- Bəs azarkeşi olduğunuz klubun rəhbəri olmaq necə hissdir?
- “Neftçi” adi bir klub deyil. Bu, tarixi olan klubdur, 10-15 il əvvəl yaranmayıb. Çox böyük qürur hissi duyuram ki, kluba rəhbərliyi mənə həvalə ediblər. İnanıram ki, gələcəkdə biz “Neftçi”ni layiqli yerinə qaytaracağıq.
- Kluba rəhbər təyin olunmaqla bağlı təklif nə zaman gəldi?
- Bir ay, ay yarım əvvəldən, bu məsələ müzakirə olunurdu. Hamı üçün uyğun variant axtarılırdı. 17 gün əvvəl dedilər ki, təsdiqləndi, artıq “Neftçi”də işə başlayırsan.
- Təklif alanda ilk reaksiyanız necə oldu?
- Düzü, təəccübləndim. Basketbol da komanda idman növüdür. Amma futbol tamamilə fərqlidir. İdarəetmə, marketinq və kommunikasiyanı düzgün qurmaq baxımından mənim bu yerə uyğun olduğumu düşünüblər.
- Dediniz ki, məqsədiniz “Neftçi”ni layiq olduğu yerə qaytarmaqdır. Lakin səhvləri təhlil etmədən həll yollarını tapmaq da mümkün olmur. Doğrusu, klub hədəflədiyiniz yerdən uzaq görünür. Təkcə son mövsümün nəticələri tarixinə, adına yaraşmır. Ölkə çempionatında üçüncü olan komanda kubokun finalında da məğlubiyyətlə üzləşdi. Sizcə, əsas səbəblər nələrdir?
- Mənim üçün indi bunları demək çətindir. Bu posta yeni təyin olunmuşam. Hazırda işim müşahidə etmək, boşluqların harada olduğunu tapmaqdır. Məsələnin idman tərəfləri ilə idman komandamız məşğul olur. Mənim öhdəmə düşən idarəetmə və marketinq tərəfindən nəyin düzgün qurulduğunu, nəyin düzgün qurulmadığını müəyyənləşdirməkdir. O boşluqları tapmağa çalışıram.
- Ümumiyyətlə qəbul etdiyiniz “Neftçi” hansı səviyyədədir?
- Bunun da idarəetmə və idman tərəfi var. İdarəetmə tərəfində boşluqları görürəm və onları doldurmağa başlayacağıq. İdman departamenti də öz istiqamətində işlər aparır. Ümumən, vəziyyətin yaxşı, yoxsa pis olmasını ötən mövsüm göstərib. Komanda çempionatda üçüncü yerdə qərarlaşıb. Üçlüyə düşməyi pis saymamaq da olar. Sadəcə, xal fərqi də böyük idi və bu, problemdir.
- Kadr, struktur dəyişiklikləri gözlənilir?
- Hazırda eyni sistem qalır. Müşahidələrdən sonra strukturda dəyişiklik gözlənilir. Bu, bir-iki ay da çəkə bilər. Bəzi departamentlərarası və ya departamentdaxili yerdəyişmələr mümkündür. Geridə qalan müddət ərzində müşahidə etdiyim budur. Qlobal struktur dəyişiklikləri etmək fikrimiz yoxdur. 10-15 il burada çalışan, can qoyan əməkdaşlar var. Onlar “Neftçi” ilə nəfəs alırlar. Bunu hiss edirəm. Çox gözəl bir şeydir ki, klubla yaşayan əməkdaşlar var.
- İnkişaf üçün seçəcəyiniz yolun xəritəsi hazırdır?
- Kağız üstündə hazır deyil. Ancaq nəyi nəyin üzərində qurmaq lazım olduğuna dair fikirlərimiz var.
- İlkin planlar hansılardır?
- Azarkeşlər və jurnalistlərlə düzgün kommunikasiya qurmaq və onlarla yaxın olmağı düşünürük. Artıq bu istiqamətlərdə bir neçə addım atılıb. İdman tərəfinə gəldikdə, komandanın içində olan boşluqları müəyyənləşdirmək və aradan qaldırmaq əsas hədəfimizdir. Bu istiqamətdə də iş gedir. Artıq bir neçə transfer həyata keçirmişik. Vacib məsələlərdən biri akademiyadır. Bünövrəsi olmayan klubun gələcəyi yoxdur. Fikrimiz odur ki, akademiya daha doğru istiqamət tutsun. Hazırda bununla bağlı xarici məsləhətçi şirkətlərlə danışırıq. Əsas problem uşaq məşqçiləri ilə bağlıdır. Onlar səviyyədə deyillər ki, düzgün məşq aparsınlar. Bunu basketbolda da görmüşəm. Fikrimcə, uşağın məşqçisinin olmaması pis məşqçinin olmasından daha yaxşıdır.
- Son illər aşağı yaş liqalarında uğurlar qazanan “Sabah” akademiyaya xorvatiyalı mütəxəssis dəvət edib və Zaqreb “Dinamo”su ilə əməkdaşlıq edir. Daha əvvəl “Qəbələ” akademiyasını türkiyəli mütəxəssisə tapşırmışdı və bu effekt verirdi. “Neftçi”dən sırf akademiya ilə bağlı xarici klublarla əməkdaşlıqlar gözlənilir?
- Ola bilər. Bu barədə də artıq xarici şirkətlə danışmışıq ki, sırf akademiya ilə bağlı necə əməkdaşlıq edə bilərik. Bilirsiniz, Rusiyanın “Spartak” klubu ilə müqaviləmiz var. “Beşiktaş” rəhbərliyi də ölkəmizə gəlir. Onlarla da müzakirələr aparacağıq. Fikrimiz odur ki, xarici klublarla əməkdaşlıq edək və onların təcrübəsini Azərbaycana gətirək.
- Yaxın gələcək üçün əsas hədəf nədir?
- Mən böyük hədəfləri hissələrə ayırmağı, kiçik hədəflər müəyyənləşdirməyi xoşlayıram. Hazırda hədəfimiz bu mövsümlə bağlıdır. Çox istərdik ki, çempion olaq. Əsas prioritet budur. Üçlüyə düşmək ikinci prioritetdir. Demək istədiyim odur ki, bu mövsüm çempionluğu çatdırmasaq belə, heç olmasa xal fərqinin az olmasına çalışacağıq.
- Bunun üçün heyətin gücləndirilməsinə ehtiyac olduğu görünür. Transferlərin ardı gələcək?
- Sentyabrın 5-nə qədər vaxt var. Bu istiqamətdə iş gedir. İnşallah, yeni adlar eşidəcəksiniz.
- Neçə futbolçu transferi gözlənilir?
- Beş oyunçu ilə danışıqlar gedir.
- Yəqin ki, ilk məqsəd hücum xəttini gücləndirməkdir.
- Bəli. Bir neçə matçdır, hücumçusuz oynayırıq.
- Diqqətçəkən keçidlərdən biri üç milyon avro qiyməti olan Andre Şinyaşikinin ABŞ-nin “Şarlott” klubundan pulsuz cəlb edilməsidir. Görünür, minimal xərclə maksimal keyfiyyəti hədəfləyirsiniz.
- İdarəetmənin bir tərəfi də verilən vəsaitin səmərəli istifadəsidir. Düzgün oyunçular seçirik ki, təcrübəlidirlər, bizə kömək edə bilərlər. Xərclənən vəsaiti də balanslaşdırmağa çalışırıq.
- Konfrans Liqasında “Jelezniçar”a qarşı cavab oyunundan (2:0) sonra demişdiniz ki, hücumçumuz olmaya-olmaya hücum edirdik. Əslində, azarkeşlər belə futbolu sevirlər. Rəhbər kimi sizin komandanızda görmək istədiyiniz oyun üslubu hansıdır?
- Doğrusu, taktiki məsələlərlə bağlı baş məşqçimiz Adrian Mutu daha ətraflı danışa bilər. Mən meydanda canlı futbol görmək istəyirəm. Stadiona gələn azarkeşlər üçün də, evində matça baxan izləyici üçün də bu, daha maraqlıdır. “Ölü futbol” heç kimin marağında deyil. Eyni zamanda, nəticə çox vacibdir. Hər komandaya, oyuna görə fərqli üslub seçilə bilər. Bunun taktiki və strateji tərəfləri var. Mutu yaxşı bilir ki, kimə qarşı necə oynamaq daha yaxşı olar.
- Mutu dünya futbolunda çox məşhur simadır. Lakin onun məşqçiliyinə yeni-yeni bələd olmağa başlayırıq. Baş məşqçi gətirilməsi sizin təyinatınızdan öncə reallaşmışdı. Sizcə, Adrian Mutu “Neftçi”yə necə təsir edir?
- Mutunun məşqlərində olmuşam. Görürəm ki, ab-hava çox yaxşıdır. Yerli və xaricilər arasında birlik var, komanda daxilində konflikt yoxdur. Futbolçular Mutunun özünü çox xoşlayırlar. Deyərdim ki, bir az da qorxurlar. Nizam-intizamı var, tələbkardır. Bu məqamlar məşqlərdə görünür.
- “Neftçi” tarixən Azərbaycan futbolunun flaqmanı sayılıb. Ləqəblərindən biri də elə “Flaqaman”dır. Amma son illərdə bu ad komandadan ayrı düşüb, indi bayraqdar kimi daha çox “Qarabağ” vurğulanır. Bu ünvanı geri qaytara biləcəksinizmi?
- Fikrimiz budur. Ona görə də dəyişiklikləri görürsünüz. Uzunmüddətli planımız odur ki, “Flaqman” adı qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm.
- “Neftçi”nin əsas güclərindən biri azarkeşləridir. Bir neçə gün əvvəl onlarla görüşünüz oldu. Görüş hansı ab-havada keçdi?
- Çox mülayim görüş oldu. Biz onlarla daha yaxın olmaq istəyirik. Çalışırıq ki, onlar öz işlərini düzgün qursunlar, biz də öz işimizi. Səmərəli görüş oldu. Rəhbərləri ilə tanış olduq. Onların istəklərini başa düşməyə çalışırıq, çatışmazlıqlarını aradan qaldırmaq istəyirik ki, daha yaxşı azarkeşlik etsinlər. Maşallah, özləri deyirlər ki, bizə heç nə lazım deyil, sadəcə, oynayın və qalib gəlin. Azarkeşlər stadionda can qoyurlar, qışqırmaqdan səsləri batır. Əlləri qolları, ayaqları var olsun. Biz hər şeyi görürük və bunları dəyərləndiririk.
- Bir neçə gün əvvəl sosial şəbəkə hesabınızdakı paylaşımla “Bakcell Arena”nın “Neftçi Arena” adlandırılacağını və azarkeşlərin istəyi ilə “Beşiktaş”a qarşı Konfrans Liqası oyununun orada keçiriləcəyini açıqlamışdınız. Görünür, fanatların istəyi bir rəhbər kimi sizin üçün prioritetlərdəndir.
- Bəli. Azarkeşlərin istəyi bizim üçün əhəmiyyətlidir. Lakin çox şey istəmək olar. Ola bilsin ki, hamısını etmək imkanımız olmadı. Stadionu “Neftçi Arena” adlandırmağa gəlincə, bu, onların da, bizim də istəyimiz idi. Klubun öz meydanında oynaması və stadionun eyni adı daşıması daha düzgün yanaşmadır. Bildiyimə görə, bu, ölkəmizdə ilk belə haldır. İnanıram ki, bu, düzgün istiqamətdə atılan, ab-havanı gücləndirməyə xidmət edəcək addımdır.
- Yəqin ki, arenanı kluba daha uyğun formaya salmağı da planlaşdırırdınız. Məsələn, belə tələblər var ki, oturacaqlar “ağ-qara” olsun və s.
- 20 illik marketinq təcrübəm var. İnandırım sizi, brendləşmə olacaq.
- Stadiona “Neftçi Arena” adının verilməsi klubun tarixi məskəni Tofiq Bəhramov adına Respublika Stadionuna mümkün qayıdışı variantının üstündən xətt çəkir? Bu yaxınlarda belə bir məlumat yayılmışdı.
- Hazırda gündəmdə belə bir məsələ yoxdur. Bildiyimə görə, “Qarabağ”ın həmin arena ilə müqaviləsi var. Əgər bizə daha böyük stadion lazım olarsa və ya başqa səbəbə görə orada oynamaq ehtiyacı yaransa, bunu edəcəyik. İnanıram ki, Gənclər və İdman Nazirliyi bizə icazə verər. Lakin indi oraya köçmək planı yoxdur.
- “Beşiktaş”la matçın Bakı Olimpiya Stadionunda keçirilməsi ideyası da var idi.
- Götür-qoy edib məqsədimizə uyğun qərar verdik. Evdə oynamaq üçün evdə olmalısan, azarkeşlərə yaxın olmalısan. Burada bir neçə məqam var. Biri odur ki, strateji mövqelərimizdən biri azarkeşlərimizin yanında olmaqdır. Bakı Olimpiya Stadionu bu baxımdan bir az fərqlidir. Digər tərəfdən, öz azarkeşlərimizin çox olmasını istəyirik. Bu da “Neftçi Arena” üçün növbəti üstünlükdür. İki səbəb kifayət etdi ki, belə qərar verək.
- Bəzi mütəxəssislər hesab edirlər ki, oyunu orada keçirməklə klub gəlir əldə edə bilərdi?
- Biz hazırda “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox.
- Qayıdaq, strateji məsələlərə. Peşəkar klubun yaxşı bazası olmalıdır. “Neftçi”nin Bakıxanovdakı bazasında illərdir, iş gedir, ancaq bitmir ki, bitmir.
- Orada olmuşam. U-19 və U-17 komandalarının məşqlərini izləmiş, bütün bazanı gəzmişəm. Bu barədə klubun Müşahidə Şurası ilə danışacağam. Bina çox böyükdür, əlavə bir bina da var. Bizim üçün prioritet akademiyanın tikilməsidir. Hissə-hissə tikintiyə başlayacağıq. Orada çox işlər var. Demək olar ki, bomboşdur.
- “Neftçi”, nəhayət, nə zaman tamamilə bazasına toplaşa biləcək?
- İki-üç həftə sonra daha dəqiq biləcəyik. İndi bu suala cavab verməkdə çətinlik çəkirəm.
- Qarşıda “Beşiktaş”la oyun var. Rəqib favorit hesab edilir. “Neftçi”nin iddiası nəyədir?
- Çox istərdik ki, onları keçək. Azarkeşləri sevindirmək istəyirik. Bir tərəfdən, ilk oyunu səfərdə keçirməyi daha münasib sayırdıq. Amma sonradan düşündük ki, bəlkə, evdə ilk matç daha rahat olar. İstəyimiz odur ki, mərhələni keçən tərəf biz olaq.
- Son olaraq, “Neftçi” azarkeşlərinə nə söz verə bilərsiniz?
- Söz vermək çətindir. Sonra arxasında durmaq var (gülür). Planımız odur ki, çempionluğa oynayaq, komanda can-başla mübarizə aparsın. Uduzanda da elə uduzsun ki, futbolçuların mübarizə apardıqlarını görək. Azarkeşlərdən xahişim odur ki, yanımızda olsunlar. İndi də bunu görür, hiss edirik. Başa düşsünlər ki, bir, iki, üç günün işi deyil, vaxt aparan məsələdir. O qədər gözləyiblər, bir az da səbirli olsunlar.
Daha çox şəkil burada: PhotoStock.az
Oxşar xəbərlər
Fərrux Mahmudov “Neftçi”nin prezidenti təyin edilib
Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi sa...