Aslan Kərimov: "Ayntraxt" güclüdür, amma keçilməz deyil
"Çempionlar Liqası səviyyəsində rəqiblər arasında güc fərqləri əsasən nisbidir və "Qarabağ"ın qarşılaşacağı "Ayntraxt Frankfurt" da keçilməz komanda deyil. Almaniya təmsilçisi "Kopenhagen" və "Ayaks"la müqayisədə daha güclü görünür, lakin bu üstünlük mütləq deyil".
Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.
Mütəxəssis qeyd edib ki, "Ayntraxt"ın son oyunları bunu açıq şəkildə göstərir:
"Borussiya Dortmund"la 3:3 hesablı heç-heçə və "Ştutqart"a 2:3 hesablı məğlubiyyət komandanın həm qol vurmaq potensialına malik olduğunu, həm də müdafiədə ciddi boşluqlar verdiyini sübut edir. Komanda çox qol vurur, amma eyni zamanda xeyli qol buraxır.
"Ayntraxt"ın qapısında gənc braziliyalı qolkiper dayanır və ümumilikdə komandanın oyun üslubu maraqlıdır. Müdafiədə bəzən dördlü, bəzən isə beşli xəttə keçirlər, hücumlara isə çox sürətli keçidlərlə çıxırlar. Məhz bu sürətli əks-hücumlar onların əsas silahıdır".
A.Kərimov əlavə edib ki, Almaniya komandalarına xas olaraq "Ayntraxt" arxadan riskli oyun qurur: "Topu hara gəldi vurmaq əvəzinə, paslarla, kombinasiya şəklində hücum qurmağa çalışırlar. Bu isə arxada risk deməkdir və rəqib üçün topu qapıya yaxın ərazilərdə qazanmaq imkanı yaradır.
"Qarabağ" ev oyunlarında adətən topa sahib olmağa üstünlük verir və bu üslub daha güclü rəqiblərə qarşı da özünü göstərib. "Qarabağ" vaxtilə "Çelsi" kimi komandanı da Bakıda öz qapısı önünə çəkilməyə məcbur etmişdi. Hücum potensialı buna imkan verir.
Top itkisi zamanı sürətli keçidlərdə problemlərimiz olur. Yerli çempionatda bu o qədər də hiss olunmur, çünki rəqiblər bizi dərhal cəzalandıra bilmir. Amma Çempionlar Liqasında bu səhvlər bağışlanmır".
Mütəxəssis "Ayaks"la oyunu nümunə göstərərək bildirib ki, "Qarabağ" oyuna nəzarət etsə də, rəqibin ideal əks-hücumları hesabına çoxlu qol buraxmışdı. "Ayntraxt" da oxşar üsluba malikdir.
Aslan Kərimov sonda qeyd edib ki, sıx oyun qrafiki səbəbindən mövsüm ərzində bu cür problemləri aradan qaldırmaq çətin idi:
"Lakin qış fasiləsi komandaya bu çatışmazlıqlar üzərində işləmək üçün yaxşı fürsət yaradıb. "Ayntraxt"la oyunda əsas təhlükələr standart vəziyyətlər, uzun ötürmələr və uzunboylu hücumçunun hava toplarındakı üstünlüyü olacaq. Eyni zamanda, "Qarabağ" topu ələ keçirdiyi anlarda rəqibin arxadakı riskli oyunu səbəbindən qapıçı ilə üz-üzə qalmaq şansı əldə edə bilər.
Cinah hücumları və müdafiəçilərin dərin qoşulmaları "Qarabağ" üçün əsas çıxış yollarından biri olacaq. Almaniya klubunun sıx oyun qrafiki və Bakıya uzun səfəri də Azərbaycan təmsilçisinin şanslarını artırır.
Bu, Çempionlar Liqasıdır və burada zəif rəqib yoxdur. Əgər biz hücum edərkən arxada ehtiyatlı olsaq və əks-hücumlara hazır dursaq, məncə, "Qarabağ" bu oyunda qələbəyə daha yaxındır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Beynəlxalq yarışda uğur qazanan qadın karateçi: "Ancaq oğlanlar barədə danışılmamalıdır"
Karateçi Mədinə Sadıqova Baku TV-yə müsahibəsində cəmiyyətdə qadın idmançılara münasibət və qazandığı uğurlar barədə danışıb. Onun sözlərinə görə, tez-tez "kara...