7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu

7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu
Foto
İdman 8

Şahmat tarixinin ən gənc dünya çempionu titulunu qazanan hindistanlı qrossmeyster Qukeş Dommaracu idman aləmində qeyri-adi yüksəlişi ilə diqqət çəkib. Cəmi 7 yaşında şahmat fiqurlarını əlinə alan idmançı 18 yaşında dünyanın ən güclü şahmatçısı tituluna sahib çıxaraq tarixə düşüb.

BAKU.WS xəbər verir ki, 29 may 2006-cı ildə Hindistanın Çennai şəhərində anadan olan Qukeş Dommaracu hazırda şahmat dünyasının ən çox diqqət çəkən simalarından biridir.

20 yaşlı qrossmeysterin atası Rajnikant cərrah, anası Padma isə mikrobioloqdur. Uşaqlıq illərində Gukesh tennis və badmintonla maraqlanıb. Valideynləri də onun gələcəkdə məhz bu idman növlərindən biri ilə məşğul olacağını düşünürdülər. Lakin 7 yaşında məktəbdə şahmat dərnəyinə qatılması onun həyatını tamamilə dəyişib.

Gənc idmançının istedadını məşqçisi Vişnu Prasanna erkən yaşda üzə çıxarıb. O, Qukeşə partiyaları kompüter proqramlarından istifadə etmədən təhlil etməyi öyrədib. Bu yanaşma şahmatçının müstəqil düşünmə qabiliyyətinin inkişafında mühüm rol oynayıb.

Artıq 9 yaşında Qukeş öz yaş qrupu üzrə Asiya çempionu olub. Nəticələri sürətlə yaxşılaşan şahmatçı dördüncü sinifdən sonra bütün diqqətini peşəkar şahmata yönəltmək üçün adi təhsilini dayandırıb. Atası da oğlunun karyerasına dəstək olmaq məqsədilə işindən ayrılaraq onunla birlikdə beynəlxalq turnirlərə getməyə başlayıb.

Uşaqlıqdan rekordlara doğru

Qukeşin ilk böyük uğurlarından biri 12 yaşadək şahmatçılar arasında dünya çempionatında qeydə alınıb. O, klassik şahmat, rapid və blits yarışlarında həm fərdi, həm də komanda mübarizəsində ümumilikdə beş qızıl medal qazanıb.

2018-ci ildə hindistanlı şahmatçı dünyanın ən gənc qrossmeysteri olmaq şansı əldə edib. Sunway Sitges Chess Festival turnirində bu titul üçün tələb olunan normanı yerinə yetirməyə çox yaxın olsa da, həlledici qarşılaşmanı heç-heçə ilə başa vurub. Nəticədə rekord üçün ona cəmi yarım xal çatmayıb.

Qukeş həmin uğursuzluqdan sonra ruhdan düşmədiyini və iki gün məyus olduqdan sonra məşqlərini davam etdirdiyini bildirib.

Nəhayət, 2019-cu ilin yanvarında, 12 yaş 7 ay 17 günlük olarkən qrossmeyster titulunu qazanıb. Bununla belə, Sergey Karyakinin rekordunu cəmi 17 gün fərqlə əldən verib. Hazırda o, şahmat tarixinin ən gənc qrossmeysterləri siyahısında üçüncü yerdədir.

Koronavirus pandemiyası dövründə də inkişafını dayandırmayan Qukeş onlayn yarışlarda bir sıra nüfuzlu turnirlərin qalibi olub.

7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu

Dünya şahmat elitasına yüksəliş

Pandemiyadan sonra əyani yarışlara qayıdan hindistanlı idmançı qısa müddətdə dünyanın aparıcı şahmatçıları sırasına daxil olub.

2021-ci ildə Norway Chess Open turnirində qalib gələn Qukeş, 2022-ci ildə Balidə keçirilən yarışda bürünc medal qazanıb. Həmin il şahmat Olimpiadasında Hindistanın ikinci komandasında çıxış edərək 11 oyunda 9 xal toplayıb. Fərdi hesabda qızıl medal əldə edən şahmatçı komandasının da bürünc mükafat qazanmasına kömək edib. Bu nəticələrdən sonra onun FİDE reytinqi 2700 xal həddini keçib.

2023-cü ildə isə Qukeş dünya reytinqində ilk 20 şahmatçı arasına yüksəlib. Düsseldorf turnirində ikinci yeri tutan idmançı gənclər arasında sürətli şahmat üzrə dünya çempionatını və Chennai Grand Masters yarışını qazanıb. Bu nəticələr ona namizədlər turnirində iştirak hüququ qazandırıb.

18 yaşında dünya çempionu oldu

Gukeshin karyerasında ən böyük dönüş 2024-cü ildə baş verib. O, dünyanın ən güclü şahmatçılarının iştirak etdiyi namizədlər turnirində gözlənilməz nəticə göstərərək birinci yeri tutub.

Hindistanlı qrossmeyster Alireza Firuzca, Vidit Qucrati, Rameşbabu Praqnanandha və Nicat Abbasov üzərində qələbələr qazanıb. Nəticədə Hikaru Nakamura, Fabiano Karuana və Yan Nepomnyaşşini yarım xal qabaqlayaraq turnirin qalibi olub. Bununla da tarixdə ən gənc namizədlər turniri qalibi adını qazanıb. Həmin ilin sonunda Qukeş dünya çempionluğu uğrunda Çin təmsilçisi Din Lijenlə qarşılaşıb.

14 partiyadan ibarət qarşılaşma hindistanlı şahmatçı üçün uğursuz başlayıb. İlk görüşdə məğlub olan Gukesh üçüncü partiyada hesabı bərabərləşdirib. Sonrakı görüşlərdə hər iki şahmatçı qələbə qazandığından həlledici 14-cü partiyaya tərəflər eyni xalla çıxıblar. Əksəriyyət görüşün heç-heçə ilə yekunlaşacağını və qalibin tay-brekdə müəyyənləşəcəyini gözləsə də, Din Lijenin son partiyada etdiyi səhv Gukeshə həlledici üstünlük qazandırıb.

Beləliklə, 18 yaş 6 aylığında dünya çempionu olan hindistanlı şahmatçı tarixdə bu titula yiyələnən ən gənc idmançı kimi adını tarixə yazdırıb. O, şahmat tarixinin 18-ci dünya çempionu olub. Qukeş həmin vaxt əsas məqsədinin uzun müddət dünyanın zirvəsində qalmaq və norveçli Maqnus Karlsen səviyyəsində böyük şahmatçı olmaq olduğunu bildirib.

7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu

Çempionluqdan sonra eniş və yeni hədəflər

Dünya çempionu olduqdan sonra Qukeş FİDE reytinqində üçüncü pilləyədək yüksəlib. Həmçinin Veyk-an-Zeedə keçirilən nüfuzlu turnirdə gümüş medal qazanıb.

Lakin sonrakı yarışlarda əvvəlki sabit nəticələrini təkrarlaya bilməyib. Bir sıra böyük turnirlərdə uğursuz çıxış edən şahmatçı dünya reytinqində 26-cı pilləyədək geriləyib.

Sonrakı dövrdə onun diqqətçəkən nəticələrindən biri şahmat Olimpiadasında fərdi və komanda yarışlarında gümüş medal qazanması olub.

Qukeşin əsas nailiyyətləri arasında 2024-cü ilin dünya çempionluğu, həmin ilin namizədlər turnirində qələbəsi, şahmat Olimpiadasında müxtəlif əyarlı medallar və 2023-cü ildə Asiyada ilin şahmatçısı seçilməsi yer alır. Onun karyerasında əldə etdiyi ən yüksək FİDE reytinqi 2024-cü ilin oktyabrında qeydə alınan 2794 xaldır.

Şahmatdan kənar həyatı

Şəxsi həyatı barədə çox danışmağı sevməyən Qukeş hazırda bütün diqqətini şahmat karyerasına yönəltdiyini bildirir.

Bununla belə, uşaqlıqdan maraq göstərdiyi tennis və badmintonu unutmur. O, həm bu idman növləri ilə məşğul olur, həm də beynəlxalq yarışları izləyir.

Qukeşin gündəlik həyatında yoqa və meditasiya da mühüm yer tutur. Şahmatçının sözlərinə görə, bu məşğələlər uğursuz nəticələrdən sonra psixoloji tarazlığını qorumağa, mənfi emosiyalardan uzaqlaşmağa və növbəti qarşılaşmalara daha yaxşı hazırlaşmağa kömək edir.

Cəmi 7 yaşında şahmatla tanış olan Gukesh Dommaracunun 18 yaşında dünya çempionu olması onun idman tarixindəki yerini müəyyənləşdirib. İndi isə əsas sual gənc qrossmeysterin bu uğuru uzun illər davam etdirə bilib-bilməyəcəyidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər