“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

BAKU.WS xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsraildə “Bney Yehuda”nın qonağı olacaq.

Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2. Rəqibin heyətində 26-cı və 36-cı dəqiqələrdə müvafiq olaraq Tambi Saqasla Muhammed Qadir fərqlənib. Oyunun 43-cü dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+7-ci dəqiqədə isə Namiq Ələsgərov bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
21:00. “Bney Yehuda” – “Neftçi”
Baş hakim: Daniele Doveri
Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo
Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)
Hakim-inspektor: Stefan Lannoy (Fransa)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Petah Tikva, “Ha Moshava” stadionu.
BAKU.WS