Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti: Cəza tək Merihə deyil, bütün türklərə verilib

Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti: Cəza tək Merihə deyil, bütün türklərə verilib
İdman 32

Cəza təkcə Merihə deyil, bütün türklərə, məqsədli şəkildə verilib.

Bunu “Report”a açıqlamasında Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev Almaniyada təşkil olunmuş Avropa çempionatının 1/4 finalında bu gün keçiriləcək oyunlarda şansları dəyərləndirərkən deyib.

Prezident Avstriyaya vurduğu qoldan sonra göstərdiyi “Bozqurd” işarəsinə görə Türkiyə yığmasının futbolçusu M.Demirala verilən cəzanı qəbulolunmaz hesab edib:

“Digər ölkələrin simvolları necə qəbul olunursa, Türkiyədə də bu belədir. O simvol türkçülüyü bildirir. Haqsız, ədalətsiz qərardır. Cud Bellinqem Slovakiya ilə oyunun 96-cı dəqiqəsində vurduğu qoldan sonra ədəbsiz jest etmişdi. Digər futbolçulara ədəbsizliklərinə görə daha az cəza verirlər. Ona görə də M.Demirala göstərdiyi işarəyə görə verilən cəza ədalətsizdir. Mətbuatdan izləyirəm, ciddi etirazlar var. Bu, futbolçularda qıcıq yarada bilər. Ümid edirəm ki, qıcıq yaxşı mənada effekt verəcək. Bəzən görürsən ki, çox istəmək heç də bəzi komandalarda effektli olmur. Səbirli olmaqla istənilən nəticəni qazana bilərsən”.

Keçmiş hücumçu Türkiyə millisinin müdafiəsindəki problemləri qabardıb: “Açığı, Türkiyə ilə Niderland matçını səbirsizliklə gözləyirəm. Çətin olacaq, hazırda Niderlanda yaxşı formadadır. Türkiyə yığmasının müdafiəsində isə ciddi problemlər var. Üstəgəl Merih Demiralın aldığı cəza böyük itki olacaq. Türkiyə əzmkar oyununu göstərə bilsə, inanıram ki, yaxşı nəticə qazanacaq. Niderlandın hücumları daha effektlidir. Yaxşı hücumçuları var. Türkiyə isə boşluq verir. Bu hər oyunda belədir. Ümid edirəm ki, daha az səhvə yol verərlər”.

N.Nəbiyev İsveçrə ilə oyunda İngiltərəyə daha çox şans tanıyıb: “Son oyunlarda, xüsusən sə Slovakiya ilə matçda İngiltərə yığmasında əzmkarlıq gördüm. İngiltərə komandasına daha çox şans verirəm”.

Qeyd edək ki, İngiltərə - İsveçrə qarşılşaması Bakı vaxtilə saat 20:00-da, Niderland - Türkiyə görüşü isə 23:00-da başlayacaq.

Son xəbərlər