Yumurtadan sonra hansı məhsullar UCUZLAŞACAQ?

Yumurtadan sonra hansı məhsullar UCUZLAŞACAQ?
Açıqlama
Sosial 84

Son günlər yumurtanın qiymətində qeydə alınan enmə fonunda digər məhsulların da ucuzlaşıb-ucuzlaşmadığı müzakirə olunur.

BAKU.WS-in məlumatına görə, hazırda bazarda müşahidə edilən qiymət dəyişikliklərinin əksəriyyəti mövsümi amillərlə bağlıdır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, meyvə və tərəvəz məhsulları bazara ilk dəfə çıxarılanda "nübar" məhsul hesab olunduğu üçün daha yüksək qiymətə satılır. Mövsüm irəlilədikcə və məhsul bolluğu artdıqca qiymətlər tədricən aşağı düşür:

"Hazırda gilas, çiyələk və digər mövsümi meyvələrlə yanaşı, pomidor, xiyar, kartof və soğan kimi tərəvəzlərin qiymətlərində də müəyyən ucuzlaşma müşahidə olunur. Yay aylarında yemiş, qarpız və digər mövsümi məhsulların da bazarda bolluğunun artması qiymətlərə təsir göstərir.

Bu proses bazarda ümumi ucuzlaşma deyil, hər il təkrarlanan mövsümi qiymət tənzimlənməsidir. Məhsulun bazara ilkin təqdim olunma mərhələsi başa çatdıqdan sonra təklif artır və bu da qiymətlərin stabilləşməsinə səbəb olur".

AQC sədrinin qənaətinə görə, yaxın dövrdə ət, süd və digər istehsal yönümlü məhsullar üzrə ciddi qiymət enişi gözlənilmir:

"Bunun əsas səbəbləri arasında yem xərclərinin yüksək olması, logistika və daşınma xərcləri, eləcə də istehsalçı ilə istehlakçı arasında əlavə vasitəçilərin mövcudluğudur.

Yumurtanın qiymətindəki enməyə gəlincə, bunun əsasən istehsalın artması və bazarda təklif bolluğu ilə bağlıdır. Bununla yanaşı, yumurta ölkədə ən çox istehlak olunan ərzaq məhsullarından biri olduğundan, gələcəkdə bu məhsulun qiymətində yenidən müəyyən artımların baş verməsi də istisna edilmir.

Hazırkı qiymət dəyişikliklərini bazarın ümumi ucuzlaşması kimi deyil, mövsümi bolluğun yaratdığı təbii proses kimi qiymətləndirmək daha doğru olar".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər