Yol tikməklə tıxac həll olmayacaq – Ekspertdən AÇIQLAMA - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Mövcud olan əlimizdəki resursları göstərməliyik və bunun daha effektiv işləməsi üçün nəzarət olmalı, şəbəkə genişlənməlidir. Yol tikməklə tıxac həll olmayacaq. Kimsə fikirləşir ki, əlavə yollar inşa edilməklə, tıxaclar qurtaracaq, yanılırlar".
Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın çeşidli, üstünlüyü təmin olunan növləri inkişaf etməsə, tıxacların qarşısını almaq mümkün olmayacaq: "Yeni yolların tikilməsi, avtomobillərin cəlbi ilə nəticələnəcək. Daha çox avtomobil isə daha çox tıxac deməkdir. Tıxacların çoxalması isə onlarım müddətinin daha da uzanmasına gətirib çıxaracaq.
Ölkədə son 15 ildə avtomobil və yollarla bağlı total təbliğat gedib. Bir şeyi başa düşmək lazımdır ki, hər kəsin avtomobili ola bilməz. Bakıda 700 minə qədər avtomobil var. Eyni zamanda paytaxtda 3 milyona yaxın insan yaşayır. 3 milyon insanın mobilliyini tək avtomobil üzərindən təmin etmək fikri düzgün deyil. Bu məsələdə əsas təbliğat və təşviqat ictimai nəqliyyat üzərində qurulmalıdır.
İstənilən Avropa ölkəsinə getsəniz, şəhərin giriş nöqtələrində “Park et və səfərini ictimai nəqliyyatla davam et” sistemini görəcəksiniz. Şəhərə avtomobillə axın böyük olsa da, onun qarşısı alınır və ictimai nəqliyyatın hərəkəti tənzimlənir. Nəzərə almaq lazımdır ki, küçə yol şəbəkəsi məhduddur.
Bir yolun tikintisi şəhər mühitində iki ilə qədər vaxt aparır. Lakin bir avtomobili əldə etmək üçün sadəcə bir saat kifayətdir. Yəni yolların tikilməsi tıxacı azaltmır, əksinə daha çox avtomobil axınına səbəb olur".
Ekspert əlavə edib ki, çıxış yolu mərhələli şəkildə icitmai nəqliyyatla bağlı layihələrin icrasıdır:
"Mən bir məsələni qeyd edim ki, avtomobilə yiyələnmək çox gözəl hisdir. Lakin məsələyə Avropadakı kimi yanaşmalıyıq. Avtomobildən istifadə yalnız zəruri hallarda olmalıdır. Qalan hallarda isə ictimai nəqliyyata üstünlük verilməlidir. Bunu da qeyd edək ki, ictimai nəqliyyatın kefiyyəti də yüksək olmalıdır. Avtobusun köhnə və ya təzə olmasından asılı olmayaraq ilkin mərhələdə ictimai nəqliyyat tıxacda dayanmalıdır. Kimlərsə velosiped və skuterdən istifadə edə bilər. Eyni zamanda bu zolaqlara da sərt nəzarət olunmalıdır ki, başqa nəqliyyat vasitələri ora girə bilməsin.
Avtomobil yollarını qabartmaq və buna üstünlük vermək bizi dalana dirəyib. Çıxış yolu mərhələli şəkildə icitmai nəqliyyatla bağlı layihələrin icrasıdır. Bunu etməsək, tıxac problemini həll etmək mümkün olmayacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...