Xəzər dənizində suyun səviyyəsi ilə bağlı MÜƏMMALI RƏQƏMLƏR

Xəzər dənizində suyun səviyyəsi ilə bağlı MÜƏMMALI RƏQƏMLƏR
Foto Açıqlama
Sosial 91

Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklər və bunun su, enerji və nəqliyyat infrastrukturlarına mümkün təsirləri ilə bağlı açıq məlumatlarda ciddi boşluqlar mövcuddur.

BAKU.WS-in məlumatına görə, bunu nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, rəsmi məlumat bazalarında analitik və institusional problemlər görünür:

"Televiziya süjetindən sonra mövzu ilə bağlı rəsmi mənbələri araşdırarkən dəyərli məlumatların mövcud olduğu üzə çıxsa da, həmin məlumatların böyük hissəsi köhnədir, yenilənmir və müasir çağırışlara cavab vermir. Xəzər dənizinin səviyyəsi ilə bağlı açıq statistik məlumatların əksəriyyəti 2015-ci ilə qədər olan dövrü əhatə edir, halbuki son illərdə müşahidə edilən dəyişikliklər operativ və aktual məlumat tələb edir".

Rauf Ağamirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıq məlumat bazasında da bir sıra uyğunsuzluqlara diqqət çəkib:

"Ölkə üzrə yaşıllıq ərazilərinin xəritə və qrafikləri 2017-ci ilə aiddir, Bakı şəhəri üzrə Yasamal rayonunda yerləşən Mərkəzi Park isə ümumiyyətlə xəritədə əks olunmayıb. Sürüşmə sahələri ilə bağlı xəritələrin isə 2006-cı ildən yenilənmədiyi və coğrafi koordinatların təqdim olunmadığı vurğulanıb.

Xəzər dənizində suyun səviyyəsi ilə bağlı MÜƏMMALI RƏQƏMLƏR

Belə ki, milli parklar, çaylar, göllər və dağlar üzrə koordinat məlumatları açıq şəkildə təqdim olunur. Lakin bu məlumatların zaman üzrə dəyişimi, illik dinamika və interaktiv analiz imkanları mövcud deyil.

Rəsmi məlumat mənbələri arasında sinxronluq problemi də var. Meteo.az platformasında təqdim edilən qrafiklərin ən son məlumatları 2022-ci ilə aiddir və bu da eyni mövzu üzrə müxtəlif rəsmi resurslar arasında yenilənmə uyğunsuzluğunu göstərir. Halbuki tədqiqatçılar və qərarvericilər üçün vahid, aktual və uzlaşdırılmış məlumat axını əsas ehtiyacdır".

Ekspert Xəzər dənizində hidrometeoroloji müşahidə infrastrukturu ilə bağlı potensialın mövcud olduğunu, lakin açıq data sahəsində çatışmazlıqların qaldığını da vurğulayıb. Bildirilib ki, 2008-ci ildən fəaliyyət göstərən Xəzər dəniz hidrometeoroloji məntəqəsi və son illərdə quraşdırılan avtomat stansiyalar müşahidələrin keyfiyyətini artırır. Xüsusilə 2020-ci ildə Neft Daşları, 28 May, Xərə-Zirə adası və Darvin Bankası ərazilərində avtomat hidrometeoroloji stansiyaların quraşdırılması mühüm addım kimi dəyərləndirilib.

Xəzər dənizində suyun səviyyəsi ilə bağlı MÜƏMMALI RƏQƏMLƏR

R.Ağamirzəyev əlavə edib ki, 2026-cı ilə qədər müşahidə şəbəkəsinin tam avtomatlaşdırılması və yeni stansiyaların quraşdırılması planlaşdırılır ki, bu da Erkən Xəbərdarlıq Sisteminin effektiv işləməsinə imkan verəcək:

"Açıq məlumatların köhnə və parçalanmış olması iqlim dəyişkənliyi, su resurslarının idarə edilməsi, bərpa olunan enerji potensialının qiymətləndirilməsi və nəqliyyat infrastrukturu layihələrinin planlaşdırılması zamanı ciddi analitik boşluqlar yaradır. Bu vəziyyət xüsusilə sahil və liman infrastrukturu, daşqın və sürüşmə risklərinin qiymətləndirilməsi, eləcə də avtomobil və dəmir yollarının uzunmüddətli dayanıqlığı baxımından risklidir.

Texniki infrastruktur qurulub və ölçmələr aparılır. İndi əsas prioritet bu məlumatların açıq, aktual, platformalar arasında sinxron, interaktiv və analizə yararlı formada ictimaiyyətə təqdim edilməsidir. Bu yanaşma ekoloji şəffaflığı artırmaqla yanaşı, strateji planlaşdırma və infrastruktur qərarlarının keyfiyyətinə ciddi töhfə verə bilər".

Orxan Hüseyn

Son xəbərlər