Xaçmazda "Aqrar Biznes" və "Şaftalı" festivalı keçirilib

Xaçmazda Aqrar Biznes və Şaftalı festivalı keçirilib
Video
Sosial 45

Kənd Təsərrüfatı Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti və "FoodCity Agrokompleks" MMC-nin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunun 95 illik yubileyi ərəfəsində Xudat şəhərində yerləşən "FoodCity Agrokompleks"də "Aqrar biznes" və "Şaftalı" festivalı keçirilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Mahir Süleymanlı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Aqrar Tədarük Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, "FoodCity Agrokompleks" MMC-nin baş icraçı direktoru Anar Ağayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, aqrar sahədə çalışan mütəxəssislər, sakinlər və turizm zonasına istirahətə gələn qonaqlar iştirak ediblər.

Festival çərçivəsində rayonda istehsal olunan şaftalı sortları, bu meyvədən hazırlanan şirələr, şirniyyatlar və içkilər haqqında ətraflı məlumat verilib. Rayonda fəaliyyət göstərən fermerlər və ailə təsərrüfatları öz məhsullarını - şaftalı, fındıq, alma, armud və tərəvəz məhsullarını nümayiş etdirib, birbaşa istehsalçıdan alıcıya satış həyata keçiriblər. Adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, kulinariya təqdimatları və dequstasiya guşələri təqdim olunub.

Qonaqlara məlumat verilib ki, Xaçmaz rayonunda 4 240 hektar şaftalı bağı var. Həmin bağlardan 1 160 hektarı intensiv bağlardır. Hər il şaftalı bağlarında orta məhsuldarlıq 60 sentnerə yaxın olur. Xaçmaz bağlarından il ərzində 20 min ton şaftalı toplanır. Bağlardan toplanan məhsulun bir hissəsi yerli bazarlarda satılır. Meyvənin böyük hissəsi isə satış üçün qonşu dövlətlərə göndərilir.

"Aqrar Biznes" festivalı çərçivəsində ölkənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər öz məhsullarını, dövlət qurumları isə göstərdikləri xidmətləri nümayiş etdiriblər. Ziyarətçilər müasir aqrotexniki vasitələrlə, bitki mühafizəsi preparatları, toxum nümunələri və innovativ texnologiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Xaçmaz rayonunun 95 illik yubileyinə təsadüf edən festivalın əhəmiyyətini yüksək qiymətləndirib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, bu kimi festivallar aqrar sahədə müasir yanaşmaların təşviqi, təcrübə mübadiləsi və regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Həmçinin bu platformalar gənclərin kənd təsərrüfatına olan marağını artırmaqla, aqrar innovasiya və texnologiyaların regionlara inteqrasiyasına da xidmət edir.

"FoodCity Agrokompleks" MMC-nin baş icraçı direktoru Anar Ağayev və digər çıxış edənlər məhsul festivallarının təşkilinin aqrar sahədə fəaliyyət göstərən tərəflər arasında bilik, təcrübə və resurs mübadiləsinə xidmət etdiyini qeyd ediblər.

"Aqrar biznes" və "Şaftalı" festivalına geniş konsert proqramı ilə yekun vurulub. Musiqili gecədə tanınmış müğənnilərin ifaları və rəqs qruplarının çıxışları könülləri fəth edib.

Son xəbərlər