Vüqar Oruc: "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır"
Ali Məhkəmənin mənzillərin sahəsinin hesablanması ilə bağlı hüquqi mövqeyi daşınmaz əmlak bazarında uzun illərdir müzakirə olunan mühüm məsələlərdən birinə aydınlıq gətirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, məhkəmənin bu məsələdə ilk növbədə müqavilə şərtlərinin, xüsusi qayda müəyyən edilmədiyi hallarda isə mənzilin faktiki işçi sahəsinin əsas götürülməsini vurğulaması düzgün yanaşmadır: "Sözügedən mövqe problemin hüquqi tərəfini izah etsə də, məsələnin tam həlli üçün sistemli yanaşmaya ehtiyac var. Əsas problem tikinti şirkətləri ilə daşınmaz əmlak reyestrində sahənin fərqli metodologiyalar əsasında hesablanmasıdır. Tikinti şirkətləri müqavilələrdə mənzilin sahəsini bir metodla hesablayır və ödəniş də həmin sahəyə görə alınır. Lakin çıxarış verilərkən reyestrdə normativ əmsallar tətbiq olunduğundan mənzilin sahəsi azalır ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur".
V.Orucun fikrincə, bu ziddiyyətin aradan qaldırılması üçün iki variant mümkündür: ya tikinti şirkətləri satış zamanı da reyestrin tətbiq etdiyi hesablama qaydasını əsas götürməli, ya da çıxarışlar müqavilədə göstərilən sahəyə uyğun verilməlidir.
"Eyvan və terras kimi sahələr normativ qaydada aşağı əmsalla qiymətləndirilirsə, eyni prinsip satış zamanı da tətbiq edilməlidir. Vahid metodologiyanın tətbiqi həm vətəndaşların hüquqlarının qorunmasına, həm də daşınmaz əmlak bazarında şəffaflığın və etimadın güclənməsinə xidmət edəcək. Ali Məhkəmənin bu hüquqi mövqeyi gələcəkdə normativ bazanın təkmilləşdirilməsi üçün də mühüm əsas yarada bilər", – deyə o vurğulayıb.
Ali Məhkəmə çoxmənzilli binalarda alınan mənzillərdə sahə çatışmazlığı ilə bağlı yaranan mübahisələr üzrə hüquqi mövqeyini açıqlayıb. Məhkəməyə görə, mənzildə faktiki sahə çatışmazlığı müəyyən olunarsa, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edə bilər, bu məbləğ mübahisəyə baxıldığı vaxt qüvvədə olan bazar qiymətləri əsasında hesablanmalıdır. Həmçinin bu cür tələblərə müqavilənin qüsurlu icrası ilə bağlı 5 illik iddia müddəti şamil edilir. Ali Məhkəmə bəyan edib ki, belə mübahisələrdə ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri əsas götürülməli, müqavilədə xüsusi qayda nəzərdə tutulmayıbsa, mənzilin faktiki işçi sahəsi əsas meyar hesab edilməlidir.
Oxşar xəbərlər
Sabah çimərliklərdə suyun temperaturunun 26 dərəcə olacağı gözlənilir
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, iyulun 19-...