Tələbə və şagirdlərə təqaüdlər yeni qaydada veriləcək

Tələbə və şagirdlərə təqaüdlər yeni qaydada veriləcək
Sosial 3071

Azərbaycanda doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi yeni qaydada həyata keçiriləcək.

BAKU.WS-in məlumatına görə,Nazirlər Kabineti bununla bağlı "Doktorantlara, ali  təhsil, orta ixtisas və ilk peşə-ixtisas  təhsili müəssisələrinin  tələbələrinə  və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nı təsdiq edib, "Doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 30 iyun tarixli qərarını ləğv edib.

Yeni Qayda əyani təhsilalma forması üzrə təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir. Bu Qayda Azərbaycanın elmi-tədqiqat, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan ölkə vətəndaşlarına şamil edilir. Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbə və şagirdlərinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Tələbə və şagirdlərə təqaüdün verilməsi müəssisə tərəfindən yaradılan təqaüd komissiyasının təqdimatı əsasında müəssisə rəhbərinin əmri ilə həyata keçirilir. Təqaüd ayda bir dəfə ödənilir. Bu Qayda tələbələrə təqaüdü ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş müddətdə almaq imkanı verir. Doktorant, tələbə və şagirdlərə təqaüdün verilməsi onlar təhsil aldıqları müəssisədən xaric olduğu gündən dayandırılır. İstehsalat təcrübəsi və tətil müddətlərində tələbə və şagirdlərin işləyib-işləməmələrindən asılı olmayaraq, təqaüd alma hüquqları saxlanılır.

Tələbə və şagirdlərə Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi təqaüdlərin təyin edilməsi bu Qayda ilə müəyyənləşdirilən təqaüdlərin verilməsini dayandırmır. Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant, tələbə və şagirdlərə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilir.  Tələbə və şagirdlər üçün adlı təqaüdlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir. Tələbə və şagirdlər üçün büdcə vəsaitləri hesabına məqsədli təqaüdlər tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. Büdcədənkənar vəsaitlər hesabına məqsədli təqaüdlər isə təhsil müəssisələrinin Elmi və ya Pedaqoji Şurası tərəfindən müəyyən olunur və ödənilir.

Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (ÜOMG)  görə verilir. ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir.ÜOMG tələbənin fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir.  Əgər tələbə imtahandan müvəffəq  qiymət almazsa, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur.

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir və dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həcmində müəyyənləşdirilir. Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd yeri (yerləri) ikinci tədris semestrindən həmin ixtisas üzrə təqaüdlər sayına əlavə olunur. Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

- fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı” təqaüdü;

- fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

- fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi” təqaüd.

Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin  siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir. Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı, digər halda isə "adi” təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı”, digərlərinə isə "adi” təqaüd verilir. Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində ‘əlaçı”, digər halda isə "adi” təqaüd verilir. Dövlət hesabına təhsil alan doktorantlara birinci təhsil ilində qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Növbəti təhsil illərində təqaüd illik attestasiyanın nəticələrinə görə təyin edilir. İllik attestasiyadan keçməyən doktorantın təqaüdü dayandırılır.

İlk peşə-ixtisas təhsili müəssisələrində təqaüdlər dövlət hesabına təhsil alan şagirdlərə təyin edilir. Təqaüd yarımilliklər üzrə imtahanların nəticələrinə görə müəyyən olunmuş məbləğdə verilir. İmtahanların nəticələrinə görə "qeyri-kafi” qiymət almış ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur.

BAKU.WS

Oxşar xəbərlər

Prezident tələbə və şagirdlərin təqaüdlərini artırdı

Prezident tələbə və şagirdlərin təqaüdlərini artırdı

Azərbaycan prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edi...

1554 Sosial 20:26 25 yanvar 2016

Son xəbərlər