Prezidentin artırdığı təqaüdlər kimlərə şamil olunacaq? (QAYDALAR)
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında dəyişikliklər edilib.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, sərəncama müvafiq olaraq ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
Ölkə başçısının imzaladığı bu sənəd Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət edir.
Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq olaraq birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək.
Sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır.
Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.
Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar aradında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə və müvafiq olaraq keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Prezident təqaüdləri artırdı
Dövlət başçısı İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdləri...