Sürət qatarında qiymətlər niyə belədir? - Ekspertdən VACİB AÇIQLAMA

"Bakı-Qazax sürətli sərnişin qatarında qiymətlərin müəyyənləşdirilməsi bir çox mərhələdə keçirilib. İctimaiyyət nümayəndələri, mütəxəssislər, ekspertlər və hökumətlə müzakirə aparılıb. Nəticədə belə tarif müəyyənləşdirilib".
Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
O, bildirib ki, Bakı-Qazax sürət qatarının istifadəyə verilməsi xeyli müddət vaxt aparıb. Buna səbəb həmin xətdə təmir işlərinin aparılması olub:
"Bu müddət boşuna deyildi, çünki həmin ərazilərdə yolun təmiri uzun illər həyata keçirilməmişdi. Hətta bir çox istiqamətlərdə dəmir yolu xətlərinin təmiri 30-40 il əvvəl olub. Bu çox dəhşətli göstəricidir. Bu səbəbdən Azərbaycan Dəmir Yolları infrastuktur yenilənməsi ilə bağlı ciddi işlər görüb. Müasir səviyyədə dəmir yolu xətləri çəkilib, bərpa olunub. Bunun fonunda təbii ki əvvəlki qiymətlər gözlənilən deyildi. Nəzərə almaq lazımdır ki, 5 ildir həmin xətt üzrə fəaliyyət dayandırılmışdı. Pandemiya dövründə bağlandı, daha sonra məlum oldu ki, həmin xətlərin çox təhlükəsizlik baxımından əlverişli deyil və təmirə ehtiyac var".

E. Muradlının sözlərinə görə, dəmir yolunda qiymətlər dünya təcrübəsinə əsasən təyin edilib. Dünyada dəyişən qiymət sistemi necə mövcuddursa Azərbaycanda da bu belədir. Orada 178 standart, 40-dan artıq standart plyus, cəmi 8 nəfərlik isə VİP yer var.
"Sürət qatarlarında 16 manat 20 qəpikdən başlayan qiymətlər var. Hər qiymətə bilet var. Lakin nədənsə insanlar həmişə VİP yerlərin, 100 manatlıq qiymətlərin üzərində dayanır. Bu bir xidmət sahəsidir. Belə halda insanlara VİP xidmətin təklif edilməsi normal haldır. Ola bilsin elə xarici qonaq var ki, konfortlu səyahət üçün daha artıq pul verməyə razıdır. Dəmir yolu sərnişin və yükdaşımaları sahəsində ən təhlükəsiz daşıma növü sayılır. Son 5 il ərzində elə bir sahə yoxdur ki qiymətlər qalxmasın. Elə Bakıda ictimai nəqliyyatın ödənişləri 30 qəpikdən 50 qəpiyə qalxıb. Bəzi istiqamətlərdə 60-70 qəpik olub. Dizel 5 il ərzində 50 qəpikdən 1 manata qalxıb. 10 manata Bakıdan Qazaxa taksilər aparırdı, indi gedin görün o qiymətə adambaşına hansı taksi aparır. Əlbəttə ki aparmır. Avtomobil nəqliyyatının təhlükəli məqamları isə hər kəsə bəllidir. Dəmir yolu isə konfortlu xidmət göstərir, interneti var. Bütün şəraitlər yaradılır".
O ki qaldı günlərə uyğun qiymət müəyyənləşdirməyə, ekspert deyir ki, bu praktika dünyada mövcuddur. MDB məkanında və Avropada da var.
"Elektrik qatarlarında da qiymətlər dəyişəndir burada məsafəyə görə hesablanır. Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dəmir Yollarında tətbiq edilib. Burada 40 qəpikdən başlayan qiymətlər mövcuddur. Gedişhaqqı məsafəyə görə hesablanır. Biz təklif edirik ki bu yanaşma metro və avtobuslarda da tətbiq olunsun".
Qeyd edək ki, iyunun 15-də Bakıdan Qazaxa dəmir yolu ilə səfər etmək yenidən bərpa edilib. Əvvəllər (2019-cu ilin dekabr ayınadək) Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq.
Yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Qazaxa qatarlar hər gün saat 08:00 və 18:00-da yola düşərək, müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxaraq, saat 13:29 və 21:49-da Bakı Dəmiryol Vağzalına çatır.
Banu Hüseynli
Oxşar xəbərlər
Daxili İşlər Nazirliyi UFC-nin Bakıdakı turniri ilə bağlı MƏLUMAT YAYDI
İyunun 20-21 tarixlərində Bakıda keçirilən "Qaydasız döyüş" (UFC) turniri ilə əlaqədar olaraq təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur. Tədbirin...
