Ramin Bayramlı: "Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş deyil"
Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş deyil, ölkəmizdə xəstəliyin yayılması sürəti yüksəkdir.
BAKU.WS-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu gün 338 nəfərdə COVİD-19-a yeni yoluxma faktı aşkar edilib. İndiyədək 139 nəfər dünyasını dəyişib, virusa yoluxmuş 6192 nəfər xəstə sağalıb, hazırda 4988 aktiv xəstə var.
Ramin Bayramlı həmçinin bildirib ki, artıq ölkədə koronavirus xəstələrinin sağalma vaxtı da uzanaraq 12-14 günədək çatır.
Bununla əlaqədar yeni yoluxanların və sağalanların sayında fərq yaranır, xəstəxanada uzun müddət qalanların sayı çox olur.
R.Bayramlı əlavə edib ki, adətən xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur: “Xəstələrin çox böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVİD-19 xəstəliyi üçün xarakterikdir. Xəstəxanaların oksigen sistemi buna hesablanmayıb. Bunlar nəzərə alınaraq xəstəxanalar üçün oksigen generatorları gətirilib”.
R.Bayramlı qeyd edib ki, modul tipli xəstəxanalarla birlikdə 7000-ə yaxın çarpayı fondu var, amma xəstələrin sayı 5000-ə çatır.
Onun sözlərinə görə, ötən həftə də uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün hazırlıq dövrü oldu: “Son iki həftə ərzində tətbiq olunan qısamüddətli məhdudiyyətlər düşünülmüş şəkildə edilmişdi. Bu, bizə imkan verdi ki, uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq”.
Oxşar xəbərlər
Bu tarixdə Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin arta bilər - XƏBƏRDARLIQ
"İkinci dalğa anlayışı insanları bir az çaşdırır. Məsələ ondadır ki, bütün viruslu infeksiyalar dalğalarla olur və bu dalğalar yoluxma sayının artımı, azalması...