Rafiq Əzimov: "Rasim Balayevin vəfat xəbərini oxuyanda şok keçirdim"

Rafiq Əzimov: Rasim Balayevin vəfat xəbərini oxuyanda şok keçirdim
Sosial 53

"Mən Rasim Balayevin belə ağır xəstə olduğunu bilmirdim. Elə bilirdim, sadəcə ayaqlarında yüngül problem var".

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak edən Xalq artisti Rafiq Əzimov deyib.

O vurğulayıb ki, Rasim Balayevin vəfat xəbərini eşidəndə şoka düşüb. Əzimov onu da qeyd edib ki, Rasim Balayev kimi sənətkar bir daha bu dünyaya gəlməyəcək:

"Dünən saytlardan onun vəfat xəbərini oxuyanda şok keçirdim. Hələ də inanmaq istəmirəm ki, Rasim Balayev bizləri tərk edib. O, həm ciddi, həm də komik rolların mahir ifaçısı idi. Çox yüksək yumor hissi vardı. Azərbaycan Akademik Milli Dram Teatrındakı Dövlət bəy rolu teatrsevərlərin yaddaşına əbədi həkk olunub. Hələ tələbəlik illərindən çox gözəl qiraət ustası idi. Onu rəhmətlik Həsən Seyidbəyli Nəsimi roluna məhz televiziyada şeir söyləməyini eşidib bəyənmişdi. Mən Rasim Balayevin belə ağır xəstə olduğunu bilmirdim. Elə bilirdim, sadəcə ayaqlarında yüngül problem var.

Azərbaycan xalqı çox istedadlı xalqdır. Təbii ki, dünya şöhrətli aktyorlar yetişdirəcək. Amma Rasim Balayevdən bir daha olmayacaq".

Qeyd edək ki, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb.

Aktyor həmçinin 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi".

Son xəbərlər