Sığorta ilə psixoloqa pulsuz getmək mümkün olacaq?

Müasir dövrdə psixoloji sağlamlıq ən azı fiziki sağlamlıq qədər önəm daşıyır. Ancaq bu sahədə yardım almaq, xüsusilə də psixoloq seansları, bir çox insan üçün əlçatan deyil. Xüsusilə aztəminatlı ailələr və sosial həssas qruplar maddi səbəblərə görə psixoloji dəstəkdən yayınır, bu isə cəmiyyətin ümumi rifahına təsirsiz ötüşmür.
Bəs görəsən bu vəziyyətə çıxış yolu nədir? Psixoloq seanslarının icbari tibbi sığorta ilə qarşılanması mümkündürmü?
BAKU.WS məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdi.
Qurumdan bildirildi ki, hazırda ilkin tibbi-sanitariya yardımı çərçivəsində yalnız "ilkin psixoloji yardım" nəzərdə tutulur. Yəni vətəndaş ilkin mərhələdə psixoloqa müraciət etsə də, bu, sadəcə ilkin dəstək səviyyəsində həyata keçirilir və cari il üzrə icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılmayıb.
Qeyd edək ki, bəzi ölkələrdə psixi sağlamlıq xidmətləri dövlətin əsas səhiyyə təminatı paketinə daxil edilib. Məsələn, İsveç, Kanada, Almaniya kimi ölkələrdə vətəndaşlar müəyyən sayda psixoloq seansını sığorta çərçivəsində pulsuz şəkildə ala bilirlər. Bu yanaşma insanların psixi sağlamlığını qorumağa yönəlmiş vacib addım hesab olunur və sosial problemlərin dərinləşməsinin qarşısını alır.
Azərbaycanda da bu xidmətlərin gələcəkdə sığorta paketi çərçivəsində əhatə olunması psixi sağlamlığın əlçatanlığını artıra və sosial rifaha müsbət təsir göstərə bilər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Yayda mobil telefonlar necə zərər görür? – Qorumağın yolları
Yay aylarında havaların həddindən artıq isti keçməsi təkcə insan sağlamlığına deyil, elektronik cihazlara da mənfi təsir göstərir. Xüsusilə mobil telefonlar yük...
