Piyadalara ŞAD XƏBƏR! Bu küçələrdə piyada keçidləri YENİLƏNƏ BİLƏR

Piyadalara ŞAD XƏBƏR! Bu küçələrdə piyada keçidləri YENİLƏNƏ BİLƏR
Açıqlama
Sosial 92

Bakı şəhərində nəqliyyatın daha səmərəli və rahat təşkili məqsədilə piyadaların maneəsiz hərəkəti böyük diqqət mərkəzindədir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə açıqlamasında şəhərdə mobilliyin artırılması üçün konkret tədbirlər barədə danışıb.

Ekspert bildirir ki, Bakı şəhərində rəqəmsal əkiz sistemi mövcuddur və bu sistemə əsasən piyadalar, mikromobillik vasitələri, ictimai və fərdi nəqliyyat axınları təhlil olunur. "Bu günə qədər insanlar daha çox fərdi nəqliyyata üstünlük verirdi, bu isə tıxac və sıxlığa yol açırdı. Alternativlərin formalaşdırılması lazımdır və bu istiqamətdə ilkin işlər artıq aparılıb. Lakin prosesi sürətləndirmək vacibdir," – deyə Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, piyadalar üçün infrastrukturun təxirə salınmadan abadlaşdırılması və mövcud qanun pozuntularına qarşı sərt tədbirlərin görülməsi zəruridir. Piyadaların keçidlərində qısa keçidlər təyin edilməli, 3 metrdən bir piyada zolaqları çəkilməli, səkilər isə normativ sənədlərə uyğun şəkildə panduslarla təmin edilməlidir. Eyni zamanda, dayanacaqların təşkili də bu məsafəyə uyğun olmalıdır.

Xüsusilə paytaxtın mərkəzində Füzuli küçəsindən bulvara paralel bütün küçələr, həmçinin Mehdi Mehdizadə və 28 May prospekti diqqət mərkəzindədir. Bu ərazilərdə piyada keçidlərinin, səki və yeraltı keçidlərin vəziyyəti yoxlanılmalı, ictimai nəqliyyatın əlçatanlığı təmin edilməlidir. Avtobus zolaqlarına daxil olan fərdi avtomobillərə nəzarət də gücləndirilməlidir.

Bununla yanaşı, Prezidentin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamına əsasən, 2025-2030-cu illərdə Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində piyadaların maneəsiz hərəkətini təmin etmək üçün səkilərin inşası və mövcud səki hissələrinin zəbt edilməsinin qarşısının alınması yerli icra orqanlarının məsuliyyətinə həvalə olunub.

Ekspert vurğulayır ki, həm piyada, həm də ictimai nəqliyyat infrastrukturunun inkişafı şəhərdə mobilliyin artırılması üçün əsas amildir və bu istiqamətdə işlərin hər ay statistik nəticələri təqdim olunmalıdır.

Şahanə Xankişiyeva

Son xəbərlər