"Məqsədimiz sərnişinlərə təhlükəsiz xidmət göstərməkdir": "BakuBus"dan fotoreportaj

Məqsədimiz sərnişinlərə təhlükəsiz xidmət göstərməkdir: BakuBusdan fotoreportaj
Sosial 5457

"BakuBus" yarandığı gündən sərnişinlərə rahat və təhlükəsiz xidmət göstərməyə başlayıb. İnsanların bu avtobuslara marağını nəzərə alaraq "BakuBus" şirkətindən reportaj hazırlamaq qərarına gəldik.

Qapıdan "BakuBus” MMC-nin həyətinə daxil olarkən oranın parkında 200-ə yaxın "İveco” markalı avtobus saxlanılmışdı.  Avtobusların hamısı təmiz və saz vəziyyətdə idi. Səliqəli geyimli sürücülər də işə başlamağa hazırlaşırdılar.

 

"BakuBus"un parkı

Bu mənzərə ilə BAKU.WS olaraq "BakuBus” MMC-nin iş prosesindən reportaj hazırlamağa gedərkən qarşılaşdıq. Nəzərimizi ilk növbədə sürücülərin həkim yoxlanışından keçmək üçün tibb məntəqəsinin qarşısında dayanmaları cəlb etdi.

Məntəqənin həkimi Süleyman Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hər gün səhər saat 04:30-dan başlayaraq "BakuBus”un sürücüləri yoxlamadan keçirilir. Birinci növbədə işləyən sürücülər məntəqənin 4 həkimi tərəfindən yoxlanılır.

Tibbi müayinədən keçən sürücü

"Hər gün səhər 170 marşrut xəttə çıxır. 170 sürücü saat 04:30-dan 06:00-a qədər yoxlanılır. İkinci növbədə isə sürücülər paytaxtın 7 məntəqəsində həkimlərimiz tərəfindən tibbi yoxlanışdan keçir”, - deyə Süleyman Məmmədov bildirib.

Yoxlamalar saat 13:00-dan başlayaraq "Azadlıq Prospekti”, "Xətai”, "Nərimanov”, "Koroğlu”, metrostansiyaları yaxınlığında, "20 yanvar” dairəsi ərazisində, Karl Marks və "20-ci sahə”də aparılır. Həkimin sözlərinə görə, sağlamlığında problem aşkarlanan sürücünün xəttə çıxmasına icazə verilmir və o, müalicə üçün qeydiyyatda olduğu tibb müəssisəsinə göndərilir.

"Sürücülər əsasən qan təzyiqi, temperaturu və alkoqol qəbul edib-etməməsi yoxlanılır. Əgər sürücünün digər şikayəti olarsa, başqa yoxlamalar aparılır”, - deyə Süleyman Məmmədov bildirib.

Həkim deyir ki, "BakuBus” şirkətində çalışan sürücülərin hamısı tam sağlam və gümrah olmalıdırlar. Əks təqdirdə onların işə çıxmasına icazə verilmir. Bu həm sürücülərin, həm də sərnişinlərn təhlükəsizliyi üçün vacib amillərdən birincisidir. 

"BakuBus"un təmir mərkəzi

Sərnişindaşımada sürücülərin sağlamlığı ilə yanaşı avtobusların saz vəziyyətdə olması da ən vacib məsələlərdəndir. Bu səbəbdən də, "BakuBus” avtobusları gündə bir neçə dəfə mərhələli şəkildə texniki yoxlanışdan keçir. Yoxlamalar şirkətin həyətindəki Təmir Mərkəzində aparılır. Təmir Mərkəzində işlər əsasən gecə saatlarında başlayır. Gecə xidmətdən gələn "BakuBus” avtobusları burada çalışan 6 mexanik tərəfindən yoxlamalardan keçirilir.

"BakuBus” şirkətinin avtotəmir və texniki baxış şöbəsinn müdiri İlham Rüstəmovun BAKU.WS-ə verdiyi məlumata görə, mexaniklər ilk növbədə xəttən çıxan avtobus sürücülərindən yol vərəqələrini götürürlər. Sonra sürücülərlə birgə avtobusa ilkin baxış keçirilir. Maşın çöldən və içəridən yoxlanılır. Sürücülərdən avtobusda yaranan nasazlıqlarla bağlı məlumatlar alınır. Daha sonra təhvil-təslim aktı ilə avtobuslar təhvil alınır.

"BakuBus” şirkətinin avtotəmir və texniki baxış şöbəsinn müdiri İlham Rüstəmov

"Əgər avtobusda texniki problemlər yaranıbsa, dərhal mexaniklər nasazlığı aradan qaldırmağa çalışırlar. Maşın saz vəziyyətə gətirilir”, - deyə İlham Rüstəmov bildirib.

Şöbə rəisi bildirir ki, əgər "BakuBus”un avtobuslarında yolda problem yaranarsa sürücü bu barədə mobil servis vasitəsilə mərkəzə xəbər verir. Əgər nasazlıq ciddi deyilsə və hərəkət zamanı sərnişinlərin təhlükəsizliyinə zərər verməyəcəksə, avtobus son dayanacağa qədər gedir. Orada şirkət mütəxəssisləri vasitəsilə nasazlıq aradan qaldırılır. Yox əgər problem ciddi olarsa və avtobusun hərəkəti zamanı hansısa qəzaya səbəb ola biləcəksə, o zaman avtobus həmin ərazidə dayanır. Sürücü mərkəzə xəbər verir. Sərnişinlər arxadan gələn "BakuBus” avtobusuna yenidən ödəniş edilmədən mindirilir. Daha sonra xarab olan avtobusun təmiri üçün həmin əraziyə mütəxəsssi göndərilir.

İlham Rüstəmov deyir ki, ümumiyyətlə avtobusların yoxlanılma prosesi çıxışa qədər 3 mərhələdən keçir. Səhər saatlarında bir daha yoxlamadan keçirilən avtobus yuma məntəqəsinə aparılır. 

"BakuBus”un avtoyuma məntəqəsində 11 nəfər çalışır. Avtobuslar əvvəlcə çöldən yuyulur. Daha sonra isə onun içərisi və şüşələri təmizlənir. 

"BakuBus” şirkətinə işə qəbul olunan sürücülər peşəkar olmalıdırlar. Bu səbəbdən də onlar işə qəbul olunmazdan əvvəl xüsusi təlim-yoxlanış prosesindən də keçirlər. Şirkətin təlim-tədris şöbəsinin müdiri Ramin Hacıyevin BAKU.WS-ə verdiyi məlumata görə, sürücülərin peşə səviyyəsini yoxlamaq və təlim keçmək üçün 6 hektar ərazidə təlim meydançası var. Təlim prosesi isə 2 hissədən ibarətdir. Nəzəri təlim zamanı sürücülərin sərnişinlərlə davranışı, avtobusun içərisində istifadə qaydaları və s. izah olunur. Proktiki təlimdə isə sürücülər avtobusları xüsusi qayda ilə idarə edirlər.

"BakuBus"un təlim mərkəzi "Sürücülərin çoxu avtomobili güzgülərdən istifadə etmədən idarə edir. Bu da düzgün deyil. Sürücülər ilk növbədə güzgü ilə işləməyi bacarmalıdırlar. "BakuBus” avtobuslarının uzunluğu 12 metrdir. Əksər sürücülər isə 7-8 metrlik avtobus sürməyə alıblar. Bu səbəbdən də, bizim avtobusları idarə etmək müəyyən qədər çətindir”, - deyə Ramin Hacıyev bildirib.

"BakuBus" şirkətinin təlim-tədris şöbəsinin müdiri Ramin Hacıyev

Təlim zamanı sürücülər xüsusi su maneələrindən keçməli, enişli-yoxuşlu yollarda avtomobilin manevri zamanı onların reaksiyası və digər nüanslar yoxlanılır. Ramin Hacıyev deyir ki, şirkətin təlim xidmətindən yalnız "BakuBus” avtobuslarını idarə etmək üçün işə qəbul olunan sürücülər deyil, hər kəs istifadə edə bilər. Bunun üçün şirkətə müraciət etmək kifayətdir. 

"BakuBus” şirkətinin xidmət göstərdiyi "İveco” markalı avtobusların sürət həddi elə tənzimlənib ki, sürücü istəsə belə 50-dən çox sürətlə sürə bilməz. Bu baş verəcək hansısa qəza zamanı sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə düşünülüb.

Şöbə rəisi vurğulayır ki, avtobusdan fiziki qüsuru olan insanlar da rahat istifadə edə bilər. Bunun üçün avtobusun orta qapısında əlil arabalarının hərəkəti üçün pantuslar var. Sürücü əlili araba ilə avtobusa özü mindirməlidir. Bunun üçün sürücü ilk növbədə pantusu açmalı və arabanı ehtiyatla avtobusa qaldırmalıdır. Daha sonra avtobusun içərisində xüsusi yerdə arabanı saxlamalıdır. Sonra pantusu qaldırmalı və avtobusu sürməlidir.

"BakuBus” avtobusunun daha bir özəlliyi isə sərnişinlərlə şirkət səlahiyyətlilərinin birbaşa əlaqə saxlamaq imkanıdır. Bunun üçün hər bir avtobusun arxa hissəsində "qaynar xətt” nömrəsi qeyd olunur. Əgər sürücü avtobusu təhlükəli sürərsə, bu zaman sərnişin həmin nömrə ilə əlaqə saxlayır və lazımı iradını bildirir. "BakuBus” şirkətinin "qaynar xətt” mütəxəssis Çingiz Səfərov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hər gün "qaynar xətt”ə 60-70 zəng daxil olur. Onun sözlərinə görə, şikayətçilərin çoxu isə baş verən hadisə barədə şişirdilmiş halda məlumat verir. "Əvvəlcə şikayətçinin kimliyi və baş verən hadisənin dəqiq yeri, saatı öyrənilir. Qeyd olunan hər bir şikayət dərhal araşdırılır. Avtobuslarda kameralar vasitəsilə qeydə alınan görüntülər araşdırılır. Sürücülərlə danışıqlar aparılır. Əgər lazım gələrsə şikayətçiyə müraciətin nəticələri barədə məlumat verilir”, - deyə Çingiz Səfərov bildirib. Avtobuslarda yaddan çıxan və itən əşyalarla bağlı isə "BakuBus” şirkəti heç bir məsuliyyət daşımır. Bununla belə, əgər sürücü itmiş əşyaları şirkətə təqdim edərsə, bu zaman onun sahibi axtarılır. Sonda "BakuBus” şirkətində gördüklərimizdən belə nəticəyə gəlmək olar ki, həmin avtobusun xidmətləri bütün Bakını əhatə edərsə, bu zaman həmişə bərbad olan nəqliyyat sistemimizdə müsbət bir dəyişiklik olacaq.

Orxan Məmmədov

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 18 metrlik avtobus xəttə buraxıldı

Bakıda 18 metrlik avtobus xəttə buraxıldı

Bu gün səhər saatlarında Bakı uzun sərnişin avtobusu sərnişinlərin diqqətini cəlb edib. Şəhər sakinlərinin BAKU.WS-ə verdikləri məlumata görə, "BakuBus” şirkə...

2184 Sosial 14:27 23 noyabr 2015

Son xəbərlər