Mingəçevir su anbarında çimməyə kim icazə verib? - RƏSMİ AÇIQLAMA

Mingəçevir su anbarında çimməyə kim icazə verib? -  RƏSMİ AÇIQLAMA
Video
Sosial 595

Mingəçevir su anbarından çimərlik məqsədilə istifadə olunur. 

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Kadrlardan da aydın olur ki, bir qrup insan Mingəçevir su anbarının sahilində istirahət edir, bəziləri hətta qarpız və digər qida məhsullarını da özləri ilə gətirir. İsti yay günlərində sərinləmək üçün suya üz tutan bu şəxslərin davranışı sosial mediada birmənalı qarşılanmayıb.

Mingəçevir su anbarı ölkənin ən böyük su hövzələrindən biridir və əsasən içməli su təchizatı, enerji istehsalı və meliorasiya məqsədləri üçün istifadə olunur. Elə isə bu addım nə dərəcədə doğrudur?

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, qurum tərəfindən Mingəçevir su anbarının çimərlik kimi istifadəsinə dair rəsmi rəy verilməyib:

"Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanunun 18-ci maddəsinə əsasən, su hövzələrinin çimərlik və istirahət məqsədilə istifadəsi yalnız dövlət sanitariya-epidemioloji xidməti tərəfindən müəyyən olunmuş sanitar normalara uyğun olduğu halda mümkündür. Hal-hazırda Mingəçevir su anbarının hər hansı hissəsinin çimərlik kimi istifadəsinə dair dövlət sanitariya-epidemioloji xidməti tərəfindən rəsmi icazə və ya müsbət rəy verilməyib".

Bildirilib ki, Azərbaycan Respublikasının Su Məcəlləsinin 77-ci maddəsinə görə, su obyektlərinin rekreasiya, turizm və çimərlik məqsədləri ilə istifadəsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada mümkündür. Eyni zamanda, Torpaq Məcəlləsinin 48-ci maddəsi su obyektlərinin sahilboyu ərazilərinin istifadəsi və qorunması qaydalarını müəyyən edir.

Çimərlik ərazilərinin təşkili məsələsinə gəldikdə isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bunun yerli icra orqanı tərəfindən tənzimləndiyini deyir:

"Yerli icra hakimiyyətləri haqqında" Qanunun 6.2.7-ci maddəsinə uyğun olaraq, çimərlik ərazilərinin təşkili və fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir".

Son olaraq qeyd olunub ki, Mingəçevir gölünün müəyyən sahəsi üzrə Mingəçevir Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dövlət sanitariya nəzarəti aparılır.

"2025-ci ilin may ayından etibarən həmin ərazidən götürülmüş su nümunələrinin fiziki-kimyəvi və bakterioloji göstəriciləri Azərbaycan Respublikasının qüvvədə olan sanitariya norma və qaydalarına uyğundur", - deyə Mərkəzin açıqlamasında vurğulanıb.

Sözügedən kadrları təqdim edirik:

Banu Hüseynli

Son xəbərlər