Mağazalarda qiymətlər niyə ucuzlaşmır? - "Azərsun" açıqladı

Mağazalarda qiymətlər niyə ucuzlaşmır? - Azərsun açıqladı
Sosial 3024

 

"Dollar ucuzlaşdı, amma malların qiyməti düşmür”. Bu sual indi Azərbaycanda, az qala, hamı tərəfindən səsləndirilir. Bazarda-dükanda, kafedə-restoranda, nəhayət Milli Məclisdə.

"Azərsun Holdinq” MMC-nin ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu barədə AzadlıqRadiosu-na danışıb.

– Son zamanlar dollar ucuzlaşır, məhsulların qiymətində də yaxın vaxtlarda ucuzlaşma baş verə bilərmi?

– Xammal ehtiyatlarının tədarükü bir günə tənzimlənmir. Biz altı aylıq tədarük görürük, bəzi məhsulları 3-4 aylıq alırıq. Bəzilərini Avropadan, bəzilərini Argentinadan gətirdirik. Bu zaman lojistika, enerji və başqa xərclər də hesablanır və bundan sonra məhsulun istehsal qiyməti müəyyənləşir. Təbii, məhsulların qiymətinin formalaşmasına valyutanın məzənnəsinin də təsiri var. Maliyyə sabitliyi olacaqsa, bu, idxal məhsullarında, xidmət sektorunda öz təsirini göstərəcək. Xeyli müddətdir dövlət qurumları tərəfindən məhz bu istiqamətdə effektiv addımlar atılır. Yaxın zamanda biz daha sabit iqtisadiyyatın, daha sabit məzənnənin mövcud olacağına inanırıq.

– Nə qədər vaxt tələb olunur ki, şirkət maliyyə sabitliyindən əmin olsun və qiymətlərin aşağı salınması haqda düşünsün?

– Bu suala cavab verə bilməyəcəm. Hazırda qiymətlər müəyyənləşdirilərkən son iki ayda Azərbaycana gətirilən xammal ehtiyatlarının qiymətinə uyğun, yəni iki ay əvvəlin məzənnəsi ilə hesablanır. Nəzərə almalıyıq ki, son zamanlar devalvasiya ilə yanaşı enerji daşıyıcılarının qiymətlərində də bahalanma oldu. Təbii ki, bunlar da məhsulun istehsal xərclərinə təsirini göstərir. Amma ümumi cavablandıra bilərəm ki, bizim müəssisələrimizdə qiymət siyasəti mənfəət üzərində qurulmayıb. Biz böhran zamanında bölgələrdəki müəssisələrimizin bağlanmaması, işçilərimizin ixtisara düşməməsi üçün çalışırıq. Biz gəlir gətirən müəssisələrin xərclərini regionlardakı müəssisələrə yönləndirmişik. Hesab edirik ki, böhran uzun müddət davam etməyəcək. Bu, süni böhrandır. Azərbaycanda böhran zamanı idarəetmə sisteminin yetərincə effektiv və yerində verilən qərarlarla tənzimlənməsinə çalışılır. Biz özəl sahibkarlıq subyekti olaraq hesab edirik ki, bu addımlar öz nəticəsini verəcək. Xammal ehtiyatlarının genişləndirilməsi istiqamətində işlər görülür. İnşallah, xalqımız bu dövrü geridə qalacaq.

– Bunlar öz yerində, Afiq bəy. Amma adi bir alıcınız sizdən soruşsa ki, konkret siz qiyməti nə zaman aşağı alacaqsınız, cavabınız nə olardı?

– Böhran sərt üzünü ölkəmizə göstərdiyi gündən bəri – son bir ildə "Azərsun Holdinq”in bəzi məhsulları maya dəyərindən aşağı satır. Bu, bizim ehtiyatlar hesabına tənzimləndi, bir çox məhsulları zərərinə satdıq. Ümid etdik ki, düzələr. Amma hazırda valyutanın aşağı düşməsi bizə mənfəət gətirmir, sadəcə, zərərimizin miqdarını azaltmaqdadır. Daxili imkanlar hesabına xammal ehtiyatlarımızı yaratdıqca, məzənnə sabitləşdikcə xidmət və qiymətlərə təsirini göstərəcək.

"Azərsun” çay, duz, yağ, şəkər, süd və başqa qida, eləcə də gündəlik tələbat məhsullarının istehsalı ilə məşğuldur.

AzadlıqRadiosu son iki gündə təchizatçı və şirniyyat istehsalçısı kimi tanınan "Veysəloğlu” şirkətlər qrupundan sualına cavab ala bilməyib.

Procter&Gamble şirkəti Azərbaycan alıcısına sabun, saç şampunu, uşaq bezləri, saç boyaları, paltar yumaq üçün müxtəlif tozlar, diş məcunu kimi gündəlik tələbat malları təklif edir. Ancaq hələlik, onun məhsulları da ucuzlaşmayıb.

Şirkətdən deyilib: "Satış nöqtələrində təyin edilən qiymətlər tam olaraq satışı həyata keçirən məsul əməkdaşların qərarına uyğun olaraq formalaşdırılır. P&G buna heç bir halda müdaxilə və təsir etmir. Əlavə olaraq bildirmək istərdik ki, şirkətin daxili siyasətinə uyğun olaraq gələcək bazar qiymətləri barədə heç bir şərh verilmir”.

AzadlıqRadiosu-nun əməkdaşı bəzi paltar mağazalarında olub. Böyük dükanlar qış endirimlərinə başlayıblar. Ancaq yaz mövsümü ilə bağlı sifarişlərə tələsmirlər. Bəziləri açıq etiraf edirlər ki, manatın qiyməti sabit olmadığından risk etmək istəmirlər.

Deputat Əli Məsimli fevralın 14-də parlamentin iclasında qiymətlərin düşməməsinə toxunub. O, buna görə "işbazları və monopolistləri” ittiham edib: "Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir”.

Hökumət, hələlik, bu məsələyə münasibət bildirməyib.

BAKU.WS

Son xəbərlər