"Küləklər şəhəri" "Parklar şəhəri"nə çevrilməkdədir

Küləklər şəhəri Parklar şəhərinə çevrilməkdədir
Foto
Sosial 237

Bakıda son illərdə aparılan geniş abadlıq işləri şəhərin simasını köklü şəkildə dəyişib. Betonun, asfaltın və avtomobil səs-küyünün hökm sürdüyü paytaxt artıq yaşıl nəfəs alan, təbiətlə insanı barışdıran məkana çevrilməkdədir. Paytaxtda vaxtı keçmiş və qəzalı vəziyyətdə olan tikililərin yerindən yeni parklar salınaraq sakinlərin ixtiyarına verilir. 

BAKU.WS-in məlumatına görə, son illər ərzində Bakı şəhərində yüzlərlə park və yaşıllıq sahəsi salınıb və bir çox köhnə parklar əsaslı şəkildə yenilənib. 

Ən diqqətçəkən nümunələrdən biri - 2025-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda metronun "Gənclik" stansiyasının yaxınlığında yaradılan parkın açılışı olub. 

"Antena" sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb.

Park "Dədə Qorqud" parkı ilə yeraltı keçidlə birləşdirilib, beləliklə, şəhərin ortasında sanki bir "yaşıl koridor" salınıb.

Parklar sadəcə istirahət zonası deyil, həm də ekoloji tarazlığın qorunması, psixoloji rahatlıq və fiziki sağlamlıq üçün mühüm vasitədir. İqlim dəyişikliyinin yaratdığı risklər fonunda şəhərlərin "yaşıl qalxanı" sayılan parklar havanı təmizləyir, səs-küyü azaldır, istiliyi neytrallaşdırır. Eyni zamanda, bu məkanlar insanlara velosiped sürmək, gəzmək, uşaqla vaxt keçirmək, kitab oxumaq və ya sadəcə nəfəs almaq imkanı yaradır.

Xüsusilə də məhəllələrarası parklar - Yasamalda Meşə Parkı, Xətai rayonu ərazisindəki "Sevgi" parkı, Çəmbərəkənd ərazisində qurulan yaşıllıq zonaları belə məkanlara çevrilib.

Fotoda "Çəmbərəkənd" parkı

Fotoda "Sevgi" parkı

Qeyd edək ki, 2024-cü ildə Dənizkənarı Milli Park (Bakı Bulvarı) Niderlandda keçirilən "Future Green City" konqresində "Böyük Şəhər Parkları" kateqoriyasında beynəlxalq mükafata layiq görülüb. Bu, Azərbaycanın yalnız yerli deyil, beynəlxalq səviyyədə də ekoloji şəhər modeli olmağa başladığının göstəricisidir.

Fotoda Bakı Bulvarı

Son xəbərlər