Koronavirusun fərqli ştamlarından qorunmaq üçün buster doza ilə peyvəndlənmə tövsiyə edilir
Yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiyası nəticəsində müxtəlif ştamlar ortaya çıxır. Ona görə də dünyada, eləcə də Azərbaycanda koronavirusun fərqli ştamlarından qorunmaq üçün buster doza ilə peyvəndlənmə tövsiyə edilir.
Koronavirus əleyhinə vaksin vurduran şəxsin orqanizmində yaranmış immunitet 6 aydan sonra zəifləməyə başlayır. Nəticədə yoluxma riski bir qədər də artmış olur. Belə olan halda vətəndaşların, xüsusilə də risk qrupuna daxil olanların üçüncü doza ilə peyvəndlənməsi tövsiyə edilir.
Həmçinin koronavirusun “delta” ştammı daha sürətlə yayılma xüsusiyyətinə malik olduğu üçün o, müvafiq olaraq daha yüksək səviyyəli qoruyuculuq tələb edir. Səhiyyə Nazirliyi də vətəndaşları buster doza ilə peyvəndlənməyə çağırır.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-infeksionist Təyyar Eyvazov COVID-19-la mübarizədə buster dozanın əhəmiyyəti barədə danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, üçüncü doza vaksinasiya üçün Azərbaycanda təsdiq olunan bütün peyvənd növləri yararlıdır:
“Hazırkı qaydalara görə, buster doza zamanı peyvənd növünün seçimi sərbəstdir. Azərbaycanda istifadə edilən 4 növ vaksin növünün istənilən birindən yararlanmaq mümkündür.
Yəni, buster doza əvvəl istifadə edilmiş peyvənd növü ilə eynilik və ya fərqlilik təşkil edə bilər. Onu da qeyd edim ki, xəstəliklə mübarizədə vaksinasiya ilə yanaşı, vətəndaşlar həm də sağlam həyat tərzinə diqqət etməlidirlər.
Bunun üçün düzgün qidalanmaq, gigiyena qaydalarına riayət etmək, sosial məsafə saxlamaq və qapalı məkanlarda mütləq şəkildə tibbi maskadan istifadə etmək vacibdir”.
Xatırladaq ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxmada artım müşahidə edilsə də, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır.
Düzgün karantin tədbirləri və vaxtında başladılmış vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.
Oxşar xəbərlər
Əhaliyə üçüncü doza ilə bağlı VACİB AÇIQLAMA
Davamlı qoruyuculuq üçün "buster" (gücləndirici) doza vacibdir. BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. O bil...